ebook img

Paris məktubları PDF

54 Pages·0.672 MB·Azerbaijani
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Paris məktubları

ƏLİMƏRDANBƏY TOPÇUBAŞOV PARİS MƏKTUBLARI Azərbaycan Xalq Cümhuriyyəti Sülh Nümayəndə heyəti sədrinin Azərbaycan hökumətinə məlumatları (mart 1919 - noyabr 1919) AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI B a k ı -1998 BBK 9(s)42 T-77 Buraxılışına məsul Ramiz MEHDİYEV Tərtib edəni və rus dilindən çevirəni Vilayət QULİYEV Elmi redaktoru Əli HƏSƏNOV Əlimərdanbəy Topçubaşov T 77 "Paris məktubları", Bakı, Azərnəşr, 1998, 120 səh. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə Parisə, Versal sülh konfransına göndərilmiş Azərbaycan Nümayəndə heyətinin sədri Əlimərdanbəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə çap olunur. Kitab tarixçilər, politoloqlar, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 0503020907-9 M-651(07)-98 BBK 9(s)42 © Azərnəşr, 1998 2 AVROPAYA PƏNCƏRƏ AÇANLAR Azərbaycan Cümhuriyyətinin Nümayəndə heyəti Paris sülh konfransında Müsəlman Şərqinin ilk respublikasının - Azərbaycan Cümhuriyyətinin taleyi təkcə onun öz xalqının deyil, həm də dünyanın böyük dövlətlərinin, dünya siyasətçilərinin istək və iradəsindən asılı idi. Bir əsrlik rus istilasından sonra Azərbaycan xalqı məhrumiyyətlər və şəhid qanları bahasına öz müstəqilliyinə qovuşmuşdu. Lakin bu müstəqilliyin tanınmamağı ölkəni və onun xalqını yenidən, bu dəfə bolşevik libasında peyda olmuş rus imperializminin müstəmləkəsinə çevirmək təhlükəsini meydana çıxarırdı. Azərbaycan Cümhuriyyətinin qurucuları ilk gündən həmin təhlükəni hiss edir və buna görə də hər vasitə ilə qarşılaşdıqları problemləri dünya dövlətlərinin və ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdılar. Rusiya, Osmanlı və Avstriya-macarıstan imperiyalarının dağıldığı, müstəqil dövlətlərin meydana çıxdığı, dünyanın siyasi xəritəsinin yenidən cızıldığı 1918-ci ildə bu xüsusilə vacib və əhəmiyyətli idi. Avropaya Azərbaycandan orta əsrlərdə də elçilər və nümayəndələr getmişdilər. Lakin onlar bir qayda olaraq öz padşahlarının, hökmdarlarının iradəsini Avropa monarxlarına çatdırmaq üçün yola çıxırdılar. Azərbaycan Parlamentinin qərarı ilə Parisə göndərilən Nümayəndə heyəti isə ilk dəfə olaraq xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək üçün gedirdi. Şair Məhəmməd Hadinin kədər və təəssüf dolu "Qoymuş miləl imzasını övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində" - deməsindən cəmisi bir neçə il keçirdi. Və bu bir neçə ilin içərisində sürətlə dəyişən, inkişaf edən, tarixi fürsətdən yararlanaraq öz milli dövlətini quran Azərbaycan xalqı "tarixin və həyatın səhifələrində" öz imzasını atmaq üçün Avropanın mərkəzinə - Parisə öz nümayəndələrini göndərirdi. Nümayəndə heyətinin ölkələr keçərək Parisdən Bakıya-Cümhuriyyət rəhbərliyinə gələn məlumatları on illiklər boyu qapalı arxivlərdə saxlanmış, yalnız xalqdan deyil, hətta mütəxəssislərdən də gizlədilmişdi. Lakin "Elə bir gizlin yoxdur ki, axırda aşkar olmasın". (Bibliya) Azərbaycan Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi və diplomat Ə. M. Topçubaşovun başçılığı ilə Parisə göndərilən Nümayəndə heyətinin fəaliyyəti ilə bağlı tarixi materiallar ilk dəfə bu kitabda, həm də ana dilimizə çevrilərək oxuculara təqdim olunur. Həmin materiallarla tanışlıqdan əvvəl Nümayəndə heyəti ilə bağlı bəzi həqiqətləri bildirmək yerinə düşərdi. Nümayəndə heyətinin tərkibi Nümayəndə heyətinin tərkibinə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri daxil idilər. Onlar özlərinin həyat yolu, mübarizə və inancları ilə Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, azadlıq və istiqlal yolunda çalışdıqlarını sübut etmişdilər. Sədr Əlimərdanbəy Topçubaşov (1865-1934) Tiflisdə zadəgan ailəsində doğulmuş, Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. 1897-ci ildə "Kaspi" qəzetinin redaktoru kimi ictimai-siyasi fəaliyyət meydanına atılmış, demokratik ruhlu ziyalı kimi mənsub olduğu xalqı təmsil etmiş, onun hüquqlarını qorumuşdu. 1905-ci il Rusiya inqilabından sonra Ə. M. Topçubaşov yalnız azərbaycanlıların deyil, bütün Rusiya türklərinin və müsəlmanlarının lideri kimi tanınmışdı. O, Rusiya müsəlmanlarının 1905 - 1907-ci illərdə keçirilən 1—IV qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlman partiyasının - "İttifaq-müslim»in Məramnamə və Nizamnaməsini yazmış, onun MK üzvü seçilmişdi. 1906-cı ildə I Dövlət Dumasına Bakı quberniyasından deputat seçilən Ə. M. Topçubaşov burada Dumanın Müsəlman fraksiyasını yaratmış və onun fəaliyyətinə rəhbərlik etmişdi. Dumanın çar tərəfindən qovulmasına etiraz bildirən məşhur Vıborq bəyannaməsini imzalayanlar içərisində o da var idi. 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayına rəhbərlik edən siyasi liderlərdən biri də Ə. M, Topçubaşov idi. Həmin dövrdə o, eyni zamanda Transqafqazın müsəlman ictimai-siyasi təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin fəaliyyətinə də rəhbərlik edirdi. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumət kabinəsində Ə. M. Topçubaşov portfelsiz nazir vəzifəsi almış, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamenti onu qiyabi surətdə öz sədri seçmiş, dekabrın 28-də isə Versal sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbər təyin etmişdi. 3 Sədrin müavini - Məmməd Həsən Hacınski (1875-1931) Bakı realni məktəbində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında tikinti işlərinə rəhbərlik etmişdi. Ə. M. Topçubaşovla birlikdə İcraiyyə Komitəsinin rəhbərlərindən idi. "Müsavat"ın I qurultayında partiyanın MK üzvü seçilmişdi. 1918-ci ildə Transqafqaz komissarlığında və Seymdə rəhbər vəzifələr tutmuşdu. F. Xoyskinin qurduğu ilk hökumət kabinəsində xarici işlər, ikinci kabinədə isə maliyyə naziri vəzifələri ona həvalə edilmişdi. Azərbaycan Parlamentinin üzvü idi. Nümayəndə heyətinin üzvü - Əkbərağa Şeyxülislamov (1891-1961) İrəvan gimnaziyasını və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini "Hümmət" (menşevik) partiyasında davam etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulması haqqındakı İstiqlal Bəyannaməsini - Misaqi-Millini imzalayanlar içərisində Ə. Şeyxülislamov da vardı. O. F. Xoyskinin qurduğu ilk hökumətdə torpaq və əmək naziri vəzifəsini tutmuşdu. Parlamentdə sosialist fraksiyasını təmsil edirdi. Nümayəndə heyətinin üzvü - Əhmədbəy Ağayev (Əhməd Ağaoğlu 1869-1939) tanınmış publisist və ictimai xadim idi. Parisdə ali hüquq təhsili almışdı. "Həyat", "İrşad", "Tərəqqi" kimi qəzetlərin redaktoru olmuş, XX əsrdə Azərbaycanda ilk milli siyasi partiya sayılan "Difai"ni qurmuşdu. 1909-cu ildə təqiblər üzündən Türkiyəyə mühacirət etdikdən sonra burada "Gənc türklər"lə yaxınlaşmış, "Türk Yurdu" və "Türk ocağı" təşkilatlarının qurucuları sırasında Yer almış, Türkiyə parlamentinə deputat seçilmişdi. 1918-ci ilin iyununda Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Azərbaycana gəlmişdi. Azərbaycan Parlamentinin üzvü idi. Lakin "İttihad və Tərəqqi" liderləri ilə yaxınlığına görə təqib olunan Ə. Ağayevin Parisə getməsinə imkan verilməmişdi. O, ingilislər tərəfindən həbsə alınaraq Malta adasına sürgün olunmuşdu. Ə. M. Topçubaşovun kömək cəhdləri boşa çıxmışdı. Nümayəndə heyətinin məsləhətçisi Ceyhunbəy Haçıbəyli (1891-1962) Sorbonna universitetində və Paris Siyasi Biliklər Məktəbində təhsil almışdı. Ehtiraslı publisist və gözəl musiqişünas idi. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisiozunun - rus dilində çıxan "Azərbaycan" qəzetinin baş redaktoru idi. Rusdilli Bakı və Qafqaz mətbuatında kəskin ictimai problemlərə, mədəniyyət və mənəviyyat məsələlərinə həsr edilmiş onlarla məqaləsi çap olunmuşdu. Nümayəndə heyətinin məsləhətçisi - Məhəmməd Məhərrəmov (1895-1992) İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayanlar içərisində yer almışdı. Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edirdi. Nümayəndə heyətinin məsləhətçisi - Miryaqub Mirmehdiyev (?-?) ali təhsilli hüquqşünas idi. Parlamentdə "İttihad" fraksiyasında təmsil olunmuşdu. 1919-cu ilin avqustunda Parlamentin sosialist fraksiyası Nümayəndə heyətinin tərkibindəki üzvləri barəsində rotasiya qərarı çıxarmış və M. Məhərrəmovu əvəz etmək üçün Abbasbəy Atamalıbəyovu (?-?) Parisə göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü - M. H. Hacınski artıq Azərbaycana qayıtdığından həm M. Məhərrəmovun, həm də A. Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı. Həyat və fəaliyyəti haqqında çox cüzi məlumat toplaya bildiyimiz A. Atamalıbəyov Nümayəndə heyətinin katibi vəzifəsini yerinə yetirirdi. Bundan başqa Nümayəndə heyətinin tərkibinə əməkdaşlar - Əlibəy Hüseynzadə (1864-1940), V. Marçevski, katiblər - S. Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər - A. Qafarov (fransız dili), Q. Qafarova (ingilis dili), H. Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşidbəy Topçubaşov sədrin şəxsi katibi vəzifəsini yerinə yetirirdi. Ə. Ağaoğlu kimi Əlibəy Hüseynzadə də "İttihad və Tərəqqi" partiyası ilə əməkdaşlıqda günahlandırılaraq "Antanta" dövlətləri tərəfindən Parisə buraxılmamışdı. Səfvət bəy Məlikov isə Nümayəndə heyəti Parisə yola düşərkən Azərbaycanın İstanbul təmsilçisi kimi Türkiyədə qalmışdı. Nümayəndə heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağı sahə də müəyyənləşdirilmişdi. Ə. M. Topçubaşov siyasi məsələlər və memorandum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin xərclənməsinə nəzarət edirdi. Sədr müavini M. H. Hacınski eyni zamanda həm də xəzinədar idi, o, iqtisadiyyat və maliyyə məsələlərinə rəhbərlik edir, Azərbaycan hökuməti adından əcnəbi iş adamları və təşkilatlarla danışıqlar aparırdı. Ə. Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, statistik göstəricilər, diaqramlar, xəritələr hazırlanması işini təşkil edir, nəhayət, Nümayəndə heyətinin kitabxanasına baxırdı. M. Məhərrəmov xalq təsərrüfatı və əkinçilik sahələri üçün məsuliyyət daşıyır, həm də protokolların Azərbaycan türkcəsində yazılmasına nəzarət edirdi. Ticarət və sənaye ilə bağlı məsələlər üçün məsul olan M. Mehdiyevin vəzifələri sırasına maliyyə hesabatlarını yoxlamaq da daxil idi. Ə. Ağaoğlu və C. Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı, Fransa 4 mətbuatı və ictimaiyyəti ilə əlaqələr yaranmasına kömək etməli idilər. Onların hər ikisinin Fransada təhsil alması və bir müddət bu ölkədə yaşaması üzərinə qoyulan vəzifəni uğurla həyata keçirmələrinə imkan yarada bilərdi. Nəhayət, Ə. Hüseynzadə daha çox tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məşğul idi. Lakin yuxarıda da qeyd etdiyim kimi, Nümayəndə heyəti Parisə tam tərkibdə gedə bilmədiyindən təbii ki, İstanbulda müəyyənləşdirilmiş bu iş bölgüsü dəyişikliklərə uğradı. Bütövlükdə isə lazım gəldiyi təqdirdə Nümayəndə heyətinin hər bir üzvü gərəkli bilinən və tapşırılan hər bir işi yerinə yetirməyə hazır idi. Nümayəndə heyəti nəyə nail oldu? Paris sülh konfransı Azərbaycan Nümayəndə heyəti hələ İstanbulda olarkən - 1919-cu il yanvarın 18-də açılmışdı. Azərbaycanlılar Müttəfiq Dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız aprelin 22-də Fransa paytaxtına yola düşmək imkanı qazanmış və mayın 7-də Parisə gəlib çıxa bilmişdilər. Lakin buna baxmayaraq Nümayəndə heyəti öz üzərinə qoyulan vəzifələrin icrasına hələ İstanbulda başlamışdı. Burada bir tərəfdən çar Rusiyasının süqutundan sonra yaranan yeni, müstəqil dövlətlərin - Gürcüstanın, Ukraynanın, Şimali Qafqazın və s, o biri tərəfdən isə Qərb dövlətlərinin - ABŞ-ın, İngiltərənin, Fransanın, Almaniyanın və s. təmsilçiləri ilə danışıqlar aparılmış, Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda tanıdılmasına təşəbbüslər göstərilmişdi. Parisdə Nümayəndə heyəti bir neçə istiqamətdə fəaliyyət göstərirdi. İstər heyətin sədri Ə. M. Topçubaşov, istərsə də ayrı-ayrı üzvlər siyasi danışıqlar aparır, öz ölkələrinin iqtisadi maraqlarını təmin edir, dövrün mürəkkəb beynəlxalq münasibətlərində Azərbaycanın layiqincə təmsil olunmasına çalışırdılar. Azərbaycanın istiqlaliyyətinin birinci ildönümü günündə Nümayəndə heyəti ABŞ prezidenti, sülh konfransının keçirilməsi üçün məşhur prinsiplərin müəllifi V. Vilson tərəfindən qəbul olunmuşdu. həmin görüşdə Vilson Azərbaycanın və Rusiya əsarətindən qurtararaq öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi ilə bağlı öz üzərinə heç bir təəhhüd götürməsə də, bütövlükdə bu görüş Nümayəndə heyətinin dünya siyasəti meydanındakı fəaliyyətinin uğurlu başlanğıcı kimi diqqəti cəlb edir. Yenicə qurulmuş dövlətlərini Avropa miqyasında təmsil etmək məsuliyyətini öz üzərinə götürmüş diplomatlarımız, ilk növbədə isə heyətin sədri Ə. M. Topçubaşov tezliklə özlərini proseslərdən yaxşı baş çıxaran, şəraitə uyğun şəkildə hərəkət etməyi və düzgün qərarlar çıxarmağı bacaran siyasətçilər kimi göstərə bildilər. Təsadüfi deyil ki, Ə. M. Topçubaşov Bakıya, Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumatlarda təkcə Nümayəndə heyətinin fəaliyyətindən bəhs etmir, həm də ölkəsində ideya və əməl dostlarına dövlət quruculuğu, xarici siyasət, idarəçilik, beynəlxalq münasibətlər və s. bağlı bir sıra qiymətli məsləhətlər verirdi. Paris mühitindən və Sülh konfransının təcrübəsindən yalnız Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq üçün yox, həm də ölkədə demokratik, sivil, sözün yaxşı mənasında Qərb standartlarına cavab verən bir dövlət qurmaq üçün istifadə olunurdu. Azərbaycan nümayəndələri öz ölkələrinin siyasi və iqtisadi maraqlarından çıxış edərək fəal və mütəhərrik siyasət yürüdürdülər. Bu siyasətin əsas guşə daşını isə Azərbaycanın müstəqilliyi ideyası təşkil edirdi. Paris sülh konfransına hazırlıq mərhələsində Nümayəndə heyətinin səyləri nəticəsində Azərbaycanın ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İran və s. ölkələrlə qarşılıqlı münasibətlərinin qurulması və inkişaf etdirilməsi sahəsində bir sıra işlər görülmüşdü. Öz ölkəsinin müstəqilliyinə zəmanətin yalnız Avropada deyil, daha çox okeanın o tayında olduğunu başa düşən Ə. M. Topçubaşov qısa müddət ərzində amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu. Vəkil V. Çandler və M. Robinovla müqavilə bağlanmış, onlara ABŞ və Kanadada Azərbaycanın maraqlarını təmsil etmək həvalə olunmuşdu. Azərbaycanı tanıtmaq məqsədi ilə Parisdə ingilis və fransız dillərində çap edilən kitab və broşüraların mühüm bir qismi hələ 1919-cu ildə bu ölkələrə yola salınmışdı. Ə. M. Topçubaşov uzaqgörən bir siyasətçi kimi ABŞ və Avropada Azərbaycan lobbilərinin yaranmasını öz ölkəsinin dünya miqyasına çıxmasının və geniş tanınmasının, habelə onun maraqlarının daha Etibarlı şəkildə müdafiəsinin əsas qarantı sayırdı. Nümayəndə heyətinin səyi nəticəsində hələ 1919-1920 - ci illərdə Azərbaycanın tarixi keçmişi, ölkənin zəngin təbii sərvətləri, Azərbaycanda rus istilasının xarakteri və miqyası, Qafqazdakı qonşularla münasibət, erməni-azərbaycanlı qarşıdurmasını meydana çıxaran amillər, azərbaycanlılara qarşı erməni zülmü, 1918-ci ilin dəhşətli mart soyqırımı və s. barəsində Avropa ölkələrində müəyyən məlumatlar yaymaq mümkün olmuşdu. Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın nisbətən geniş tanınmasına imkan yaratmış, həm də ölkəmiz və xalqımız barəsində daha çox qərəzkar rus-erməni mənbələrinin təsiri altında formalaşmış yanlış təsəvvürlərin tədricən dağılmasına, onun inamlı və obyektiv münasibətlərlə əvəz olunmasına kömək etmişdi. Azərbaycan Nümayəndə heyəti yalnız öz ölkəsinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi birliyi uğrunda mübarizə aparırdı. İstər İstanbulda, istərsə də Parisdə məhz azərbaycanlılar bu gün geniş yayılmış ifadə ilə desək, "Qafqaz evi" yaratmağın qızğın tərəfdarları kimi çıxış edirdilər. Nümayəndə heyəti mühüm sənədlərin qəbulu ərəfəsində Ümumqafqaz maraqlarını əsas götürərək Gürcüstanın və Dağlı Respublikasının təmsilçiləri ilə əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi həmin dövrdə 5 də ermənilər "Qafqaz evi" ideyasına münasibətdə destruktiv mövqe tutduqlarına görə, bu nəcib məqsədin reallığa çevrilməsi istiqamətində irəliləyiş əldə edilməmişdi. Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərkin fəaliyyəti öz bəhrəsini verdi - 1920-ci il yanvarın 12-də Versal konfransının Ali Şurası Azərbaycanın və Gürcüstanın de-fakto tanınması barəsində qərar qəbul etdi. Həmin tarixi hadisənin iştirakçılarından biri olan Miryaqub Mirmehdiyev yazırdı: "Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə dəvət olundu, orada müsyö Kambon konfrans adından onlara hörmət əlaməti olaraq öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları rəsmi olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə müstəqil dövlətlər kimi tanınmışlar. Bu andan başlayaraq hər iki ölkə rəsmi şəkildə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa Kambon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır. Buradan çıxış edərək demək olar ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək". Bir həftə sonra - yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında bu qərar bir daha təsdiqləndi. Həmin iclasda çıxış edən Azərbaycan Nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov və nümayəndəliyin müşaviri M. Məhərrəmov Avropanın müəyyən hərbi və iqtisadi yardım göstərəcəyi təqdirdə Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini qoruyub saxlamağa qadir olduğunu bildirdilər. Tarixçi professor C. Həsənlinin belə bir fikri ilə razılaşmaq lazımdır ki, "1920-ci ilin yanvarında Paris sülh konfransında Azərbaycan Respublikasının siyasi cəhətdən tanınması Ə. M. Topçubaşov başda olmaqla Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyəti hesab olunmalıdır". Nümayəndə heyətinin taleyi Nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, Azərbaycan xalqının yüz illik rus əsarətindən sonra nəhayət ki, müstəqil yaşayacağına, öz dövlətini quracağına, öz torpağının və taleyinin sahibi olacağına bəslənən ümidlər doğrulmadı. "Vahid və bölünməz Rusiya" qayəsində ağqvardiyaçılarla bir mövqedə dayanan bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Bir ildən artıq Parisdə Azərbaycan davası aparan Nümayəndə heyətinin vətənə gedən yolları həmişəlik bağlandı. Lakin 1920-ci il mayın ortalarında Parisdə aldıqları acı xəbər onları müstəqillik qayəsindən çəkindirmədi, mübarizə əzmindən döndərmədi. Artıq sentyabr ayında Ə. M. Topçubaşov Cenevrədə, Millətlər Cəmiyyətinə təqdim etdiyi memorandumda öz müstəqilliyini elan etmiş və bir sıra dünya dövlətləri tərəfindən de-fakto tanınmış Azərbaycan Cümhuriyyətinin bolşevik rus qüvvələri tərəfindən işğalı faktına diqqəti cəlb edir və Cəmiyyətin bu məsələyə öz münasibətini bildirməsini zəruri sayırdı. həmin ilin noyabrında o, Cenevrədə Millətlər Cəmiyyətinin yığıncağında çıxış edərək yenidən Azərbaycanın istilası məsələsinə toxunmuşdu. Ə. M. Topçubaşovun 1922-ci ildə Genuya və Lozanna, 1923-cü ildə London konfranslarında hərbi təcavüzə uğramış Azərbaycan dövlətinin təmsilçisi kimi etiraz çıxışları nəticəsiz qalmamışdı. Məsələn, Genuya konfransı bolşeviklərin Azərbaycan adından danışmağa heç bir səlahiyyətlərinin olmadığını bəyan etmişdi. 20-ci illərdə Fransada keçmiş Rusiya imperiyasından olan siyasi mühacirlərin liderlərindən biri kimi tanınan Ə. M. Topçubaşov bir tərəfdən dünya ictimaiyyətinin diqqətini Azərbaycanın tapdalanmış haqlarına cəlb etməyə çalışır, o biri tərəfdən isə hər vasitə ilə siyasi mühacirətin, ilk növbədə də keçmiş Qafqaz respublikaları təmsilçilərinin iş birliyini qurmağa səy göstərirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə artıq 1921-ci ilin iyununda Azərbaycanın, Gürcüstanın və Ermənistanın səlahiyyətli nümayəndələri öz aralarında siyasi və iqtisadi ittifaq yaratmağın zəruriliyi qərarına gəlmişdilər. Bu illərdə Azərbaycan siyasi mühacirəti arasında birliyin və həmrəyliyin əldə olunmasında da Ə. M. Topçubaşov mühüm rol oynamışdı. O, Avropadakı azərbaycanlı siyasi mühacirlərlə Türkiyədəki Azərbaycan Milli Mərkəzi arasında yaranmış ixtilafın aradan qaldırılmasına hər vasitə ilə çalışmış, 1928-ci ildə Parisə gələn M. Ə. Rəsulzadə ilə danışıqlardan sonra rəhbərlikdəki paralelliyə son qoya bilmiş, mühacirətin vahid mərkəzdə birləşməsi ideyasına tərəfdar çıxmışdı. Ə. M. Topçubaşov Azərbaycanın müstəqilliyini görə bilməsə də, 1905-ci ildən etibarən uğrunda ardıcıl və dönmədən mübarizə apardığı ideyaların birinin gerçəkləşməsinin şahidi olmuşdu -1934-cü ilin iyununda onun da iştirakı ilə mühacirətdəki azərbaycanlı, erməni, gürcü, dağlı və başqa Qafqaz xalqlarının təmsilçiləri Qafqaz Konfederasiyası Paktının yaradılması barəsində saziş imzalamışdılar. 1934-cü il noyabrın 5-də Parisdə dünyaya gözlərini yuman Ə.M. Topçubaşovun ölümü milli mənsubluğundan asılı olmayaraq bütün mühacirət dairələrini eyni dərəcədə kədərləndirmişdi. Siyasi mühacirətin müştərək orqanı olan "Prometey" jurnalı onun ölümünə ayrıca nömrə həsr etmişdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1993- cü ilin dekabrında Fransada rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev bu görkəmli dövlət xadiminin və Cümhuriyyətin qurucularından birinin Parisin Sen - Klu məzarlığındakı qəbrini ziyarət etmişdir. 1919-cu ilin avqustunda iki aylıq ezamiyyətlə Bakıya gələn Nümayəndə Heyəti sədrinin müavini M. H. Hacınski bir daha geriyə - Parisə dönməmişdi. Ə. M. Topçubaşov Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubda Bakıda onun üzərinə heç bir funksiya və vəzifə qoyulmamağını, iki aydan sonra geriyə 6 göndərilməsini israrla xahiş edirdi. Görünür, M. H. Hacınskini kifayət qədər yaxşı tanıyan Əlimərdanbəy bu zaman müəyyən motivlərə əsaslanırdı. Məsələ buradadır ki, Bakıya qayıdan Hacınski Azərbaycanın dövlət müstəqilliyini erkən itirməsində mənhus rollardan birini oynamışdı. Əlbəttə, Bakı neftinə can atan və Bakının işğalını Rusiya üçün həyati əhəmiyyətli məsələ sayan bolşevik Rusiyası M. H. Hacınski olmasa da, gec-tez öz niyyətinə çatacaqdı. Lakin sonuncu, ikiüzlü siyasəti ilə bu prosesi daha da sürətləndirmişdi. N. Yusifbəylinin başçılıq etdiyi hökumətdə (24 dekabr 1919-30 mart 1920) daxili işlər naziri vəzifəsini tutan M. H. Hacınski bolşevik oriyentasiyası tərəfdarı idi və bu səbəbdən bir sıra hökumət üzvləri, ilk növbədə isə Fətəli Xan Xoyski ona qarşı kəskin müxalifətdə dayanırdı. Nəticədə, fevralın 18-də Hacınskini Daxili İşlər Nazirliyindən uzaqlaşdırmaq mümkün oldu, lakin o, ticarət, sənaye və ərzaq naziri kimi hökumətin tərkibində qaldı və öz dağıdıcı əməllərini davam etdirməyə başladı. M. H. Hacınskinin tərəfdarları martın 30-da Dağlıq Qarabağda başlanan erməni qiyamının yatırılmasında kifayət qədər əzmkarlıq göstərmədiyi bəhanəsi ilə N. Yusifbəyli kabinəsinin istefaya göndərilməsinə nail oldular. Bundan sonra yeni hökumətin təşkili Hacınskiyə tapşırıldı. O, aprelin 20 - nə qədər müxtəlif partiyalarla açıq, bolşeviklərin təmsilçilərlə isə gizli danışıqlar apardı və bolşevik işğalına beş gün qalmış hökumət qurmaq üçün parlamentdən aldığı səlahiyyətlərdən imtina etdiyini bildirdi. Beləliklə, M. H. Hacınskinin xəyanəti nəticəsində işğal qabağı bir ay ərzində Azərbaycanda kəskin hökumət böhranı yaşandı və bu böhran da öz növbəsində işğalın reallaşmasına imkan verdi. Bolşeviklərin gəlişindən bir neçə gün əvvəl rəsmi şəkildə Müsavat Partiyasından çıxdığını və Azərbaycan K(b)P-na daxil olduğunu bildirən Hacınski sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat vəzifələrində çalışmışdı. Lakin bütün bu xidmətləri də bir sıra həmfikirləri kimi M. H. Hacınskini sovet cəza maşınının dişlərindən xilas edə bilməmişdi. 1930-cu ildə o, Zaqafqaziya diyar komitəsinin birinci katibi L. Beriyanın göstərişi ilə həbs olunmuş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında, istintaq başa çatmamış vəhşicəsinə öldürülmüşdü. Ə. Şeyxülislamov öz siyasi fəaliyyətini əvvəlcə Fransada, İkinci dünya müharibəsi illərindən və müharibədən sonra isə bir müddət Almaniyada davam etdirmişdi. 20-ci illərin sonunda onun Ə. M. Topçubaşovla münasibətləri korlanmışdı. Ə. Şeyxülislamov yalnız Parisdəki Nümayəndə heyəti üzvlərini Azərbaycan hökuməti adından danışmağa səlahiyyətli sayır və M. Ə. Rəsulzadənin rəhbərliyi altında İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinə qarşı kəskin müxalifətdə dayanırdı. O, Azərbaycan siyasi müxalifətinin vahid mərkəzdə birləşməsinin tərəfdarı kimi çıxış edən və kompromisi zəruri sayan Ə M. Topçubaşovu M.Ə. Rəsulzadəyə təslim olmaqda günahlandırırdı. 1943-cü ildə o, könüllü şəkildə almanlara əsir düşmüş sovet ordusunun mayoru Ə, Fətəlibəyli-Düdənkinskinin yaratdığı siyasi təşkilatın - Azərbaycan Milli Birlik Məclisinin (AMBM) rəhbərliyinə seçilmiş, 1951-ci ildə Rusiya Millətlərinin Qurtuluş Şurasının yaradılması haqqındakı Zisbaden Bəyannaməsini Azərbaycan tərəfindən (C. Hacıbəyli və İ. Əkbərlə) birlikdə imzalamışdı. Həyatının sonuna qədər (o, 1961-ci il martın 2-də Parisdə demək olar ki, dilənçi vəziyyətində vəfat etmişdi) Azərbaycanın azadlığı və müstəqilliyi Əkbərağa Şeyxülislamovun başlıca həyat idealı olmuşdu. Çeyhunbəy Hacıbəyli siyasi baxışlarına görə Ə. Şeyxülislamovla eyni mövqedə dayanırdı. 1943-cü ildə o AMBM-nin başqanlıq divanına seçilmiş, 1952-ci ildə isə bu qurumun Münhendə nəşr etdiyi "Azərbaycan" jurnalının redaktoru olmuşdu. Ç. Hacıbəyli mühacirətdə həm siyasi publisist, həm də tədqiqatçı kimi fəaliyyətini davam etdirirdi. O, Fransanın məşhur "Journale Asiatique" məcmuəsində Azərbaycan tarixinə, dilinə və ədəbiyyatına dair çap olunmuş bir sıra məqalələrin müəllifidir. Qardaşı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" komediyasının mətnini ingilis və fransız dillərinə çevirərək Parisdə nəşr etdirmişdi. O, çoxcəhətli elmi fəaliyyətinə görə Fransa Şərqşünaslıq Akademiyasının - "Societe Asiatique"nin üzvü seçilmişdi. Həyatının sonuna qədər Münhenin SSRİ-ni Öyrənmə İnstitutunun fəal əməkdaşlarından biri olan C. Hacıbəyli bu institutun nəşrlərindən sovet cəmiyyətinin əsl simasını üzə çıxaran bir sıra maraqlı tədqiqatlar çap etdirmişdi. Miryaqub Mirmehdiyev (mühacirətdə o, daha çox Mir Yaqub adı altında tanınırdı) Nümayəndə Heyətinin üzvləri içərisində Ə. M. Topçubaşova hörmət və sədaqətini sona qədər qoruyub saxlayan yeganə mübarizə yoldaşı sayıla bilər. O da mühacirət illərində siyasi fəaliyyətdən çəkilməmiş, rus dilində çap olunan "Kavkaz" jurnalı ilə əməkdaşlıq etmişdi. 1933-cü ildə Parisdə Mir Yaqubun "Qafqaz problemləri" kitabı "Şərq- Amerika kitabxanası" seriyasından fransız dilində çap olunmuşdu. Bu kitabda müəllif Qafqazın Rusiya tərəfindən işğalından tutmuş 1920-ci ilə qədərki hadisə və prosesləri xronoloji ardıcıllıqla izləmiş, yeni işğal faktının - sovetləşdirmənin mahiyyətini və xarakterini açmışdır. Kitabda ümumən Transqafqaz və Şimali Qafqaz respublikaları haqqında söhbət getsə də, təbii ki, əsas diqqət müəllifin doğma vətəninə - Azərbaycana yönəldilmişdir. Mir Yaqub həm də Nümayəndə heyətinin fəaliyyətini obyektiv şəkildə işıqlandıran ilk tarixçi- politoloq hesab oluna bilər. İkinci dünya müharibəsi ərəfəsində Parisdən İrana köçən M. Mehdiyevin sonrakı həyatı və taleyi barəsində heç bir məlumat yoxdur. Məmməd Məhərrəmov hələ 20-ci illərin əvvəllərində siyasi fəaliyyətdən uzaqlaşmış və kiçik də olsa, öz biznesini yaratmağa çalışmışdı. Sonralar o, daha çox bibliofil və antikvariat mütəxəssisi kimi tanınmağa başlamışdı. Hətta Gertsenin Londonda çap etdiyi "Kolokol," jurnalının nadir komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görən nadir külliyyatını 60-cı illərdə Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış və 7 buna görə də o zaman xarici ölkələrlə əlaqəni öz inhisarı altına almış "Drujba" cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdü. 70-ci illərdə mərhum alimimiz Abbas Zamanov vasitəsilə öz vətəni ilə də əlaqələr yaradan Məmməd Məhərrəmov Azərbaycanın kitab fondlarına da bir sıra kitablar hədiyyə etmişdi. M. Məhərrəmov 1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan sonuncu üzvü idi. Tale ona hətta Azərbaycanın yenidən öz istiqlalına qovuşduğunu görmək xoşbəxtliyini də nəsib etmişdi. Uzun illər Fransada yaşayan, YUNESKO-nun əməkdaşı olan, diplomat Ramiz Abutalıbovun verdiyi məlumata görə, Məmməd Məhərrəmov 1992-ci ildə Parisdə, 97 yaşında vəfat etmişdi. Abbasbəy Atamalıbəyov haqqında məlumatlarımız çox azdır. Onun siyasi arenadan uzaqlaşmadığı İkinci dünya müharibəsi illərindəki fəaliyyətindən aydın olur. 1942-ci ildə Almaniyada sovet hərbi əsirlərindən milli legionlar təşkil olunarkən A. Atamalıbəyov da bu işdə yaxından iştirak etmişdi. O, Ə. Fətəlibəyli- Düdənkinski və Fuad Əmircanla birlikdə Şərq Nazirliyinin yaratdığı "Əlaqə heyəti"nin (milli legionlarla iş aparmaq üçün) tərkibinə daxil idi və burada SD birliklərindəki legionerləri təmsil edirdi. 20-30 - cu illərində Azərbaycan siyasi mühacirləri arasındakı mövqe mübarizələrində A. Atamalıbəyovun M. Ə. Rəsulzadəyə müxalifət mövqeyində dayandığı və mərkəz kimi Parisin seçilməsi ideyasına tərəfdar çıxdığı da məlumdur. SD birlikləri ilə əməkdaşlıq etdiyinə görə İkinci dünya müharibəsi başa çatdıqdan sonra A. Atamalıbəyov Avropada qalmaqdan ehtiyatlanmış və daha uzaqlara Çiliyə mühacirət etmişdi... Bütünlükdə isə, Nümayəndə Heyəti fəal siyasətlə məşğul olan son üzvünü itirənə qədər siyasi arenadan çəkilməmiş "Azərbaycan davasını" bacardığı qədər davam etdirmişdir. Nümayəndə heyətinin sənədlərdə yaşayan tarixi Nümayəndə heyətinin sədri Ə. M. Topçübaşov əvvəlcə İstanbuldan, daha sonra isə Romadan və Parisdən öz hökumətinə heyətin fəaliyyəti – apardığı danışıqlar, keçirdiyi görüşlər, yeni yaranmış dövlətlərin təmsilçiləri ilə fikir mübadilələri və s. barəsində ardıcıl məlumat verirdi. Kommunikasiya çətinliklərinə və diplomatik poçtun olmamağına baxmayaraq, o, 1919-cu ilin mart-noyabr ayları ərzində Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurasına 11 məlumat göndərmişdi. 4-5 mart tarixli birinci, 17-19 mart tarixli ikinci və 18 aprel tarixli üçüncü məlumatlar İstanbuldan, 4 may tarixli dördüncü məlumat Romadan, 15 may tarixli beşinci, tarixi dəqiqləşdirilməyən altıncı, 8-10 iyun tarixli yeddinci, 8-9 iyul tarixli səkkizinci, 22-25 sentyabr tarixli doqquzuncu, 6-10 noyabr tarixli onuncu, 29 noyabr -2 dekabr tarixli on birinci məlumatlar isə Parisdən yola salınmışdır. Təəssüf ki, bu məlumatlardan yalnız yeddisi arxivlərdə mühafizə olunmuşdur. Sıra etibarilə ikinci, dördüncü, beşinci və altıncı məlumatlar ya itirilmiş ya da Moskvaya aparılmışdır. Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bu mühüm sənədlər ilk və sonuncu dəfə 1927-ci ildə Bakıda, bolşevik tarixçi A. Rayevski tərəfindən "Musavatskoe pravitelstvo Azerbaydjanskoy Respubliki na Versalskoy konferentsi" (mart-dekabr 1919 q.) adı altında ayrıca kitab şəklində çap edilmişdir. Tərtibçi mətnləri olduğu kimi vermiş, lakin kitaba yazdığı əhatəli müqəddimədə onları öz dövrünün bolşevik tarixçiliyi ruhunda təfsir etməyi də unutmamışdı. Başqa sözlə desək, bu gün bizim üçün dövlətçilik tariximizin mühüm sənədləri olan bu nadir materiallar A. Rayevsinin təsəvvürünə görə, Azərbaycanı ingilis imperializminə satmaq niyyətində olan bir ovuc müsavatçının intriqalarından başqa bir şey deyildi. Lakin siyasi mövqeyindən asılı olmayaraq, həmin nəşr üçün A. Rayevskiyə minnətdar olmaq lazımdır. ümumiyyətlə, 20-30 - cu illərdə Azərbaycan Cümhuriyyətinin tarixini təhrif etməklə onun liderlərinə, məqsəd və amallarına ləkə yaxmaq məqsədilə yazılmış əsərlər indi nə qədər qəribə görünsə də, tarixi gerçəkliyi dərk etməyə və qiymətləndirməyə yardım göstərir. Bu kitablar ən azı həmin sənədlərin həmişəlik itirilməsinin qarşısını almışdır. Məlumatların əksəriyyətinin Parisdən göndərildiyini nəzərə alaraq, biz onların toplandığı bu kitabı "Paris məktubları" adlandırmağı daha məqbul hesab etdik. Ə. M. Topçubaşovun İstanbuldan öz hökumətinə göndərdiyi diplomatik məlumatların bir neçə il bundan əvvəl H. Həsənov və H. Paşayev tərəfindən "Diplomatiçeskie besedı" adı altında ayrıca kitab şəklində çap olunduğunu yada salsaq, "Paris məktubları" ilə Azərbaycan Cümhuriyyətinin diplomatiya tarixinin mühüm səhifələrini əks etdirən özünə-məxsus tarixi sənədli dialogiyanın meydana çıxdığı aşkar olur. Azərbaycan hökumətinə göndərilən məlumatların hamısı üzərində "President de la delegation de paix de la Republique d'Azerbeidjan" ("Azərbaycan Respublikası Sülh nümayəndə heyətinin prezidenti") rəsmi ştampı olan blankda yazılmışdır. hər bir məlumatın əvvəlində verilən qoşa tarixlər (məsələn, 17-19 mart) onun başladığı və başa çatdırıldığı tarixi bildirir. Məlumat mətnlərinin bir hissəsi müxtəlif xətlərlə əllə yazılmış, bir hissəsi isə makinada çap edilmişdir. Xətt müxtəlifliyinə baxmayaraq, məlumatların əvvəldən axıra kimi bir nəfərin düşüncələrinin məhsulu olduğu şübhə doğurmur. Məlumat mətnləri ya bilavasitə Ə. M. Topçubaşovun özü tərəfindən, ya da onun diktəsi altında yazılmışdır. Bu məlumatların üslubundan, təhkiyə tərzindən, habelə birbaşa sədrin funksiyaları ilə bağlı məsələlərin ön plana çəkilməsindən də aydın seçilir. Ə. M. Topçubaşovun müəllifliyi bu diplomatik sənədlərin ilk nəşri A. Rayevskidə də heç bir şübhə doğurmamışdır. Nəhayət, hər bir 8 məlumat Nümayəndə heyətinin sədri, yəni Ə. M. Topçubaşov tərəfindən imzalanmış və onun şəxsi möhürü ilə möhürlənmişdir. Bütün bunlar Parisdən göndərilən sənədlərin əsli ilə tanış olduğumuza şübhə yeri qoymur. Mətnin altından qırmızı və göy karandaşlarla çəkilmiş xətlər, onun kənarındakı müxtəlif işarələr və qeydlər Ə. M. Topçubaşovun Parisdən göndərdiyi materialların Bakıda, Azərbaycan Cümhuriyyətinin rəhbərləri, ilk növbədə isə baş nazir Nəsibbəy Yusifbəyli və xarici işlər naziri Məmməd Yusif Cəfərov tərəfindən diqqətlə öyrənildiyini, buradakı işgüzar məsləhət və göstərişlərdən gənc dövlətin fəaliyyətinin Avropa standartlarına və demokratiya prinsiplərinə uyğun şəkildə qurulmasında istifadə edildiyini göstərir. 1919-cu ilin noyabrında Azərbaycan dövlətçiliyi ideyasının müəlliflərindən biri olan Əlimərdanbəy Topçubaşov özünün və Nümayəndə heyətinin digər üzvlərinin vətənlə, onun gələcəyi ilə bağlı fikirlərini ifadə edərək Parisdən yazırdı: "Doğrudur bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə hamıya artıq il yarımdan çox dövlət kimi faktiki mövcud olduğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibati sistemi, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai-siyasi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanırıq ki, buna gücümüz çatacaq. Çünki xalqımız, doğrudan da, qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər - bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Ümumi borc - xalqı səfərbər etmək və onu müstəqil mövcudluq ideyası ətrafında sıx birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. Qarşımızda yalnız bir yol var - bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur". Həmin yolun ilk yolçuları, ilk bələdçiləri sırasında Əlimərdanbəy Topçubaşovun rəhbərliyi ilə Parisdə, Versal sülh konfransında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Nümayəndə heyətinin üzvləri də vardır. Obyektiv tarixi səbəblər üzündən 1920-ci ildə xalqımız həmin müstəqillik yolu ilə sona qədər gedə bilmədi. "Yoxdan yaradılmış bir ideal rəmzi" olan üçrəngli müqəddəs bayraq "qırmızı bir bezə dəyişdirildi". Lakin M.Ə. Rəsulzadənin də yazdığı kimi, "yüzillik əsarət dərsi ilə ikiillik hürriyyət davası" xalqı öz-özünü tanıtmışdı. Və təbii ki, həmin tanıtma, özünə qayıdış prosesində Ə.M. Topçubaşov, M.Ə. Rəsulzadə, F. Xan-Xoyski və Azərbaycanın istiqlal yolunda son nəfəslərinə qədər çalışmış digər milli ruhlu, vətənsevər ziyalıların və ictimai-siyasi xadimlərin böyük rolu olmuşdu. Azərbaycan bu gün yenidən müstəqillik yolundadır. Bu gün keçmişin səhv və yanlışlıqlarından nəticə çıxararaq öz sınanmış liderinin - prezident Heydər Əliyevin rəhbərliyi altında müstəqillik yolu ilə irəliləyən Azərbaycan xalqı eyni zamanda həm də Müsəlman Şərqində ilk demokratik respublika olan cümhuriyyətimizin dövlətçilik ənənələrini daha dərindən öyrənməlidir. Təqdim olunan kitab həmin nəcib məqsədin gerçəkləşməsinə azacıq da olsa, kömək etmək məqsədilə hazırlanmışdır. Vilayət QULİYEV filologiya elmləri doktoru, professor 9 I №1 4-5 mart 1919-cu il AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR ŞURASININ CƏNAB SƏDRİNƏ Vaxt və yaşadığımız dövrün fövqəladə şəraiti Parisə, xalqlar konfransına yola düşmək üçün buraya göndərilmiş Azərbaycan Sülh Nümayəndə heyətinin təşkili zamanı, fikrimcə yol verilmiş çatışmazlıqlar üzərində geniş-dayanmağa imkan vermir. Ona görə də müxtəsər olacağam və yalnız Nümayəndə heyətinin düşdüyü və indinin özündə də çıxış yolu tapa bilmədiyi şəraitə toxunacağam. Nümayəndə heyətimiz Konstantinopola yanvarın 20-də, Şimali Qafqazın və Gürcüstanın Nümayəndə heyətləri ilə eyni vaxtda gəlmişdir. Heyətini tam şəkildə müəyyənləşdirəndən, tərkibinə bir neçə yeni əməkdaş, tərcüməçi və xidmətçi dəvət edəndən, iş bölgüsü aparandan və təşkilat daxili vəzifələri aydınlaşdırandan (bax: əlavə №1-4) sonra Nümayəndə heyəti buradan Parisə yola düşmək üçün imkanlar axtarmaq məqsədi ilə fəaliyyətə başlamışdır. Əvvəlcə bu, bizə çox asan bir iş görünürdü, ortaya çıxan çətinliklərin yalnız texniki xarakter daşıyacağı güman olunurdu. Başqa sözlə, işin bizə çətin görünən tərəfi buradan son dərəcə qeyri-ardıcıl şəkildə, Marseldən keçməklə Parisə yollanan az saylı gəmilərin birində yer almaq sayılırdı. Lakin mənim ingilis və fransız nümayəndələrinin hər biri ilə iki görüşümdən, Nümayəndə heyətinin bəzi üzvlərinin ingilislərin Baş qərargahında olmasından, tərcüməçilərimizin ora göndərilməsindən, nəhayət özümün Baş qərargaha, şəxsən gedişimdən sonra nəhayət aydın oldu ki, Parisə getmək məsələsi texniki çətinliklərdən daha çox digər səbəblərlə əlaqədardır, bu səfərə istisnasız olaraq siyasi xarakterli mülahizələrə görə maneçilik törədilir. Digər Nümayəndə heyətləri də bu qənaətə gəlmişlər. Bizim bütün müraciətlərimizə, xahişlərimizə, xatırlatmalarımıza, dəlillərimizə bir qayda olaraq eyni stereotip cavab verilirdi: "Sizin xatirənizə özümüzdən asılı olan hər şeyi etməyə hazırıq. Səfəriniz barəsində Parisə və Londona teleqramla məlumat çatdırmışıq. İndi cavab gözləyirik. Ümid edirik ki, üç gündən sonra müsbət cavab alınacaq və Siz yola düşəcəksiniz. Aldığımız cavab haqqında Sizə məlumat verəcəyik". Ancaq biz belə bir məlumat almadıq və hələ bu günə qədər də almamışıq. Mənə elə gəlir ki, ingilis və fransız nümayəndəliklərini tələblərimizin haqlı olduğunu və Parisə mümkün qədər tez getməyimizin zəruriliyinə inandırmaq üçün gətirdiyimiz əsaslar və dəlillər artıq tükənib... Ancaq təşəbbüslərimiz heç bir səmərə verməyib. Onlar (ingilislər və fransızlar nəzərdə tutulur - tərc.) da öz tərəflərindən fəaliyyətimizdə qüsur saydıqları bu və ya digər cəhətləri dərhal diqqətimizə çatdırmaq imkanını əldən buraxmırlar. Belə cəhətlərdən biri kimi ingilislər və fransızlar Nümayəndə heyətimizin tərkibində Əhmədbəy Ağayevin olmasını irad tuturlar. Məsələ buradadır ki, az qala Nümayəndə heyətinin gəlişinin ertəsi günü yerli mətbuatın əsasən fransız dilində çıxan bir qismi, xüsusən də "Renaissence" adlı fransızdilli erməni qəzeti Əhmədbəy Ağayevin əleyhinə amansız kampaniya başladı. Qəzet onu ittihadçıların (İttihad və Tərəqqi partiyası nəzərdə tutulur. - tərc.) lideri, türk Parlamentində və mətbuatında ittihadçıların qızğın təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətləri əleyhdarı kimi qələmə verir. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt- Ənvar kabinəsinin bütün günahları Əhmədbəyin ayağına yazılır. Onun haqqında təhqiqat başlanıb. İki dəfə məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki, Azərbaycan Nümayəndə heyəti Əhmədbəy Ağayevi özü ilə aparmamalıdır. "Bu bizim məsləhətimizdir. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, bizim əleyhimizə danışan və yazan bir adam kimi arzuolunmaz şəxsdir". Mənim onun əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, Nümayəndə heyəti üçün son dərəcə zəruri adam hesab edilməsi ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General Tomson tərəfindən Əhmədbəy Ağayevə verilən zəmanət məktubu da heç bir rol oynamadı. "Renaissence" qəzeti isə bizim Nümayəndə heyətini "1ndiserabIe" ("miskin" - tərc.) adlandırmışdır. Yeri gəlmişkən, gürcü Nümayəndə heyətinin adı belə arzuolunmaz heyətləri sırasında çəkilmişdir. Bu Nümayəndə heyətinin əsas təmsilçiləri olan Çxeidze və Sereteli ""Renaissence" qəzetinin fikrincə "Soviet"in (Petroqraddakı Fəhlə, Əsgər və Kəndli Deputatları Soveti) başçıları kimi indi də Parisə yollanırlar ki, orada bolşevizm ruhlu sosializmi inkişaf etdirsinlər". Əlbəttə, bunlar hamısı yersiz iradlardır, çünki siyasi xarakterli ən əsas mülahizə (bunun belə olduğuna qətiyyən şübhə yeri yoxdur) Mütəffiqlərin Konfransda yalnız ümumi bir Rusiya məsələsini gündəliyə çıxarıb həll etmək arzusudur. Onlar yeni yaranmış hökumətlərin təmsilçilərini Konfransa buraxmaq istəmirlər, 10

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.