ebook img

Ağa Musa Nağıyev PDF

35 Pages·1994·0.667 MB·Azerbaijani
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Ağa Musa Nağıyev

MANAF SÜLEYMANOV AZƏRBAYCAN MĠLYONÇULARI: AĞA MUSA NAĞIYEV BAK I- GƏNCLĠK - 1994. 1 Аз 2 С 96 REDAKTORU: Gülər Mehdiyeva C 4702060201 89-93 Aз 2 M 613 (07) – 94 ISBN 5-8020-1063-0 Gənclik, 1994. 2 Əsl mətləbə keçməzdən əvvəl istedad və zəhmətdən qısaca bəhs etmək istəyirəm. İctimai həyatın bütün sahələrində məqsədə çatmaq, istəniləni əldə etmək üçün yeganə vasitə əməkdir. Bunu sübut etmək üçün minlərlə misal gətirmək olar. Etiraz edib soruşa bilərlər ki, bəs istedad? Bəli, istedad da zəruridir. Amma istedadı da zəhmət üzə çıxarır. Elektrik lampasını kəşf etməklə sehrbaz kimi dillər əzbəri olan Edison uşaqlıqda küçələrdə qəzet satırmış. Eynşteyn adi assistent, Rokfeller baqqal dükanında satıcı olub. Elə bizim milyonçuları götürək: Hacı Zeynalabdin Tağıyev palçıqçı, Şəmsi Əsədullayev, Çolaq Ağabala və Murtuz Muxtarov arabaçı, fəhlə, Hacı Hacıağa karvansaraçı, Musa Nağıyev şələçi idi. Bu adamları halal əməkləri elə ucaldıb ki, adları dünya durduqca yaşayacaqdır. Bu kitabda əfsanəvi milyonçu Musa Nağıyevdən danışacağıq. Musa Nağıyev özü adi bir saman satanın oğlu idi. 1848-ci ildə anadan olmuşdu. Sonralar varlanan Ağa Musa var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası* beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti on milyonlarla qızıl pula çatmışdı. Milyonçu Ağa Musa «əfsanəvi» bir şəxsiyyətə dönmüşdü. «Cəmiyyəti-xeyriyyə» üçün şəhərin mərkəzində əzəmətli «İsmailiyyə» binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realni məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko, indiki Ağa Musa Nağıyev xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq camaat tərəfindən xəsis adıyla damğalanmışdı. Ağa Musa bəhayi məzhəbini qəbul etmişdi. Onun şərəfinə əzəmətli əfsanəvi «İsmailiyyə» binasının əsas fasadında, lap yuxarıda Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu. Onun altında, girdə pəncərələrin birində isə vaxtsız vəfat etmiş oğlu Ağa İsmayılın kresloda oturmuş halda mərmərdən yonulmuş heykəli dururdu. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası Nağının peşəsi qeyd etdiyimiz kimi saman satmaqdı, qardaşı isə ömrünün axırına qədər hamamçı olmuşdu. Ağa Musa cavanlıqda dalında palan biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış; zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə aldı. Gecə- gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymurdu. Adətən xoş dillə onları işləməyə vadar edirdi. Yeri gələndə acıqlanırmış. Hər iki halda da fəhlələrə «atam-atam» deyə müraciət edirmiş: «Atam-atam, çox sağ ol! Yaxşı işlə, xoşum gəlsin səndən!» «Atam-atam, başıva * var-dövlət 3 dönüm!» Acıqlananda isə: «Atam-atam, belə eləsən məni müflis edərsən», «Atam- atam, deyəsən məqsədin mənim boynuma torba salıb dilənçi etməkdir!» Özü də fəhlələrlə bərabər ağır işlərdə işləyərdi. Nəhayət tale üzünə gülür, quyu fontan vurur, şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. Özü də get-gedə bacarıqlı bir iqtisadçı olur. Sərvət artdıqca, tamah, həvəs, ehtiras da artır, gecə-gündüz işləyir, iş artdıqca isə qüvvə, arzu da böyüyür. 1893-cü ildə qonşu Sabunçuda, sonra Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. İnsan tamahının hüdudu yoxdur. Çox keçmir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir, öz mədənlərində alınan neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir. Hər yerdən qara neft qızıla çevrilib bulaq kimi sandıqlarına axır... XIX əsrin lap sonlarında Ağa Musa «Neftçıxarma firması» yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi olur. O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında Zərgərlər küçəsi ilə Gimnazist (L. Tolstoy) küçəsinin tinində ikimərtəbəli, səkili binada yaşayırdı. Evin tinindəki daş fənərə «Səng fənər» deyirdilər. Daş fənərə qırmızı, yaşıl, abı, firuzeyi şüşələr salmışdılar; axşamlar fənər əlvan işıqlarla yanırdı. Uşaqlar toplaşıb «Sənk fənər»ə heyran-heyran, maraqla tamaşa edərdilər. Ağa Musa təmtərağı, dəbdəbəni sevməzdi, şan-şöhrətdən məst olmazdı, artıq xərcdən, israfçılıqdan qaçardı. Məddahlığı səmimilikdən mahir psixoloq kimi ayırardı. Tərifi milçək vızıltısı hesab edərdi. Ağa Musa həmin evdə axıradək qalmadı, sonralar Hacı Zeynalabdin Tağıyevin təkidi ilə xanəndə Seyid Mirbabayevdən aldığı dəniz qırağında, Bağ küçəsindəki əzəmətli mülkə kirayənişin köçdü. Təbiətdə, cəmiyyətdə, eləcə də insanların özündə bəzən daban-dabana bir- birinə zidd cəhətlər, xüsusiyyətlər olur. Xəsislikdə ad çıxarmış Ağa Musa bəzən elə səxavət göstərirdi ki, hamı heyrətlənirdi. İshaq Qaraxanov adında bir dəllək hər həftə evə gəlib Ağa Musanın saqqalını qırxar, başını düzəldərdi. Dəllək bir dəfə yerə döşənmiş xalını göstərib deyir ki, xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə. Ağa Musadan görünməyən səxavət, işlər müdirinə tapşırır ki, bir belə xalı alıb ustaya versin. Bir dəfə dənizdə bərk tufan olur, çoxlu gəmi batır. Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir: «Yükü və gəmini zorla xilas etmişəm, qoyun qurbanı nəzir demişəm, icazə ver...» Ağa Musa bərk dilxor olur, kapitanın sözünü yarıda kəsib başlayır məzəmmət eləməyə: «Çox nahaq yerə! Atam-atam, mənim hesabıma niyə qurban nəzir edirsən. Belə vaxtlarda əhd elə ki, bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm». Bir yoxsul adam neftli torpaq ələ keçirib, quyu qazdırır. Neft isə çıxmır ki, çıxmır. Əlindəki maya qurtarır. Qohum-əqrəbadan borc alır, yenə neft çıxmır. 4 Usta və fəhlələr işi yarımçıq qoyub gedir. Kimə ağız açır, pul verən olmur. Axırda məcbur olub gedir Ağa Musanın yanına, vəziyyəti ona danışıb, borc istəyir. Ağa Musa onun xahişini rədd edir. Əlacsız qalıb tanınmış ağsaqqallardan, sözü keçən ruhanilərdən bir neçə nəfər götürüb təzədən Ağa Musanın yanına xahişə gedir. Xeyli söhbətdən sonra gəlirlər mətləb üstünə, Ağa Musa deyir: «Atam-atam, zəhmət çəkib gəlmisən, bu cəncəl adama mən pul etibar edə bilmərəm... Desəm ki, pulum yoxdur, yalan olar. Varımdır. Amma vermirəm». Axund söhbətə qarışır, üz vurur: «Ağa Musa, əl tutmaq Həzrət Əlidən qalıb. Kömək elə, yazıq dara düşüb, müsəlman qardaşdır, əsirgəmə, bir-iki min manat borc ver, sözümüzü yerə salma». Ağa Musa azca fikirləşib deyir: «Atam-atam, yaxşı, üz vurursunuz, sözünüzü yerə salmıram... Amma bir şərtim var. O şeyi ki, borcu istəyəndə pulumun əvəzinə mənə göstərəcək, qoy onu elə indidən göstərsin ki, sonra mənə ağır gəlməsin». Adamlar gülür. Axund danışmaq istəyəndə Ağa Musa onun sözünü kəsir: «Atam-atam, dedim qurtardı. Bir də deyirəm, indi görsəm sonra məni o qədər də ağrıtmaz...» Şəhərin mərkəzində tikdirdiyi binalar hazır olanda Ağa Musa müsəlman arvadını və uşaqlarını Torqovı (Nizami) küçə ilə Marinski (Rəzul Rza) küçəsinin tinindəki binaya köçürdüb özü milliyyətcə gürcü olan ikinci arvadı ilə Krasnovodsk (S. Vurğun) küçəsində Kamenisti (Bəşir Səfəroğlu) küçəsinin tinindəki üçmərtəbəli təmtəraqlı evdə yaşamağa başladı. Binanın xarici görkəmi, arxitekturası, daşların sığalı, pəncərələr, qapılar, balkonlar, adamı valeh edirdi. Günbəzə sancılmış ştandart uzaqdan görünürdü. Qabağında lap qədimdən Bağırov bağçası adlanan güllü-ağaclı xudmani bir meydança vardı. Binanın daxili bəzəyi, otaqları, divarlarda, tavandakı qorelyef və barelyeflərin cazibədarlığı, lakonikliyi vəsfə gələn deyildi. Döşəmələrə başdan-başa geometrik formalı rəngarəng parketlər düzülmüş, güzgülər İtaliyadan gətirilmişdi. Ağa Musa gürcü qızını çox istəyir, bütün arzularını sözsüz yerinə yetirirdi. Məclislərdə camaata təqdim edəndə kələ-kötür rus dilində deyərdi: «Naş jena...» Dalda da onu ələ salıb lağ edərdilər: «Nə olar, II Nikolay həmişə «ya» əvəzinə «mı», «Ya i Rossiya» deyirdi. Ağa Musa da «naş jena» deyib özünü çar Nikolaya oxşadır». Ağa Musa gürcü qızını «Moy Amaliya» çağırırdı. Mantaşev bir dəfə söhbət əsnasında öyünür ki, Parijdən yola düşməmiş Puankara mənim şərəfimə təntənəli raut düzəltmişdi. Ağa Musa soruşur: — O Raut Puankaranın neçə buruğu var? Nə qədər neft çıxardır gündə? — Raut adam adı deyil, qonaqlıqdır, məclisdir. Puankara neft çıxarmır— Mantaşev izah edir.—O, Fransanın prezidenti, upravlyaşisidir. —Əh! Nə böyük matahmış pravliyaşi... Mənim hər mədən başı bir pravlyaşim var,—Ağa Musa ağzını əyib, eyhamla gülür.—Gözləri elə əlimdədir, 5 ömründə, dünyasında onlara qonaq getmərəm. Pravlyaşi nədir ki, ona qonaq da gedəsən?! Ağa Musadan xoşu gəlməyən adam soruşanda ki, işlərin necədir, qəsdən heç bir konkret cavab verməzmiş: «işlərim Nobelinki kimi—baca enli, güdəy, nə qədər istəsən qara tüstü, göz çıxardır..» deyərmiş. Heç kim bilməzdi ki, o, mədənlərdən nə qədər neft hasil edir, bağlı fontanı var, ya yox. Rezervuarlarda, anbarlarda nə qədər nefti var, haçan satacaq. Əşyanı alanda qəpik təklif edərdi, satanda isə eyni şey üçün manat istərdi. Saçını rəngləmək üçün həna ilə basma qaranın girvənkəsinə bir şahıdan artıq verməzdi; deyərdi ki, 1870-ci ildə o qiymətə alırmış. Baqqallar da ona satdıqları hənaya rəngi çox, hənanı lap az qatardılar. Tez-tez, özü də gözlənilmədən mədənlərə, zavodlara, emalatxanalara, gəmilərə gələrdi. Bununla da hamını ehtiyatlı olmağa vadar edir, qanun-qaydanın pozulmamasına nail olurdu. Özü də sərt idi. Amma səsini çox qaldırmazdı. Bir dəfə Ağa Musa mədənə gələndə görür ki, kontorun yanında divar hörən bənna və fəhlələr nahar fasiləsinə çıxıb, işə yaramayan taxtalardan tonqal qalayıb qızınır, çörək yeyir, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti alışdırıb yandırır. Ağa Musa deyir: «bala, sabahdan işə çıxma, get kontora rasçotunu al». İş icraçısı çaşır: «Niyə, xozeyn?» Ağa Musa: «Ona görə ki, qabağında o boyda tonqal papirosu yandırmırsan, nahaq yerə kibriti zay edirsən, öz maluvun qədrini bilmədiyin halda, mənim malımın qədrini heç bilməzsən». Yeri gələndə, sərvətini nümayiş etdirib bədxahlarını cinləndirməkdən xoşlanırdı. Bu da həftələrlə şəhərdə söz-söhbətə səbəb olardı. ...Bir dəfə milyonçuların arvadları Cəmiyyəti-xeyriyyədə, «İsmailiyyə» binasında ziyafət düzəldirlər, bir-birinin bəhsinə geyinib, bəzənib gəlirlər. Deyilənə görə həmin ziyafəti təsvir etmək mümkün deyilmiş. Ləl-cavahirat, qızıl içində üzən qadınların gülüş və qəhqəhələri binanın möhtəşəm salonlarında əks-səda yaradırmış. Murtuz Muxtarovun arvadı osetin qızı Liza xanım iki dəfə başqa-başqa libasda və cavahirat dəstində məclisə çıxır, birinci dəfə al paltarda, başında naxışlı platin üstünə iri brilyantlar, dörd cərgə iri brilyant boyunbağı, ortada dairəvi iri brilyant dənələri, kənarları brilyantlarla bəzədilmiş kəmər, brilyant sırğalar, brilyant üzüklər, brilyant qolbaqlarla çıxır. İkinci dəfə taxdığı qarniturda iri badamvari zümrüd dənələrini iri brilyantlar dövrələmişdi. Qadın günəş kimi göz qamaşdırırmış. Məclisdəkilər bu gözəlliyə heyran qalıbmışlar. Deyilənlərə görə hər qarniturda 700 karat cavahir varmış. Lakin Ağa Musanın gürcü arvadı Amaliya xanım bəzəkdə, geyimdə, cavahiratda birinci yeri tutur. O, başdan-başa zümrüd içində imiş, hamısı da güllər, çiçəklər, quşlar, pərvanələr şəklində; ayaqqabıları bərq vururmuş. Gürcü qızı foyeyə girəndə hamı heyrətdən içini çəkir, donub qalır. Bu əhvalat şəhərdə uzun müddət söhbət mövzusu olur. 6 Balaca bir haşiyə çıxaq. Bank və maliyyə idarələrində uzun müddət işləmiş və o dövrün keşməkeşlərini görmüş, işgüzar adamlarla durub-oturmuş, çoxlarını şəxsən tanıyan bir maliyyəçi danışır ki, ləl-cavahiratı bəzək əşyasını evlərdə saxlamırdı, oğruların qorxusundan onları banklarda xüsusi, şəxsi seyflərdə gizlədirdilər. Təkcə mənim işlədiyim «Volqa-Kama» bankında 300-dən çox seyf vardı. Onların 70—80-də neftxudalar və digər milyonçular ailə ləl-cavahiratı, bəzək əşyaları və sairə saxlayırdılar. Oxucuların diqqətinə maraqlı bir cəhəti çatdırmaq istəyirəm: ...neftxudalar və başqa dövlətlilər cavahirat, qızıl və platindən təmtəraqlı, ziqiymət bəzək əşyaları hazırlatdıranda mütləq onların saxta surətlərini qayıtdırardılar ki, bunlar qətiyyən əsl cavahiratdan seçilməzdi. Əsl brilyant-cavahiratları banklardakı seyflərdə gizlədər, saxtanı ziyafət məclislərinə, toya-teatra taxardılar. Əlbəttə bu sirri çox az adam bilərdi. Bu saxta bəzək əşyaları elə həssaslıq, elə ustalıqla düzəldilərdi ki, bəzən mütəxəssislər belə onları ayıra bilmirdilər; yalnız sahibləri xüsusi nişanələrlə tanıyırdılar. Qalan 200—230-a qədər seyfdə qiymətli kağızlar, mədən-zavod, mülk- maaş qəbalələri və s. saxlanardı. Özümü saxlaya bilməyib heyrətlə maliyyəçinin sözünü kəsdim: —Bəs o qədər ləl-cavahirat, qızıl, platin, var-dövlət nə oldu? Hara getdi?.. —Çox hissəsini Şaumyanla Mikoyan oğurladılar, yarısını qohum- əqrəbalarının evlərində torpağa basdırıb gizlətdilər, qalanını Rusiyaya qaçırdanda Sentrokaspi «Leyla» barkazında tutub hərraca qoydular. Qalanını on birinci ordu Bakını işğal edəndə taladılar. Rusiya proletariatının qarnında həzm-rabedən keçdi... Bu sözləri deyəndə qoca maliyyəçi bic-bic gülümsədi, üzünün qırışlarından istehza yağırdı. —Necə yəni proletariatın qarnında həzm-rabedən keçdi. —Elə ki,—qoca dediyini təkrar etdi,—o varidatı, ləl-cavahiratı, ziqiymət sənət əsərlərinin hamısını satdılar İran tacirlərinə, əvəzinə un, düyü, buğda, arpa, lobya, mərci, noxud, kişmiş, kuraqa, qaysı alıb bir hissəsini bizim camaata payladılar, qalanını da yolladılar Urusiyyətə... Komissiyalar yaradıldı, şəhərdə olan yüzdən çox bankda hesabat-uçot tərtib edildi, kataloqlar düzəldildi. Cavahirat karatına, qızıl, gümüş, platinin misqalına qədər yazıldı, burjuyların bütün mağaza və anbarlarında, evlərində olan hər şey siyahıya alınıb talandı. Urusiyyətdə dəhşətli aclıq idi. İş o yerə çatmışdı ki, adam əti yeyirdilər. Tatar yazıçısı Əlimcan İbrahimovun «Adamlar» kitabında atanın acından öz doğma uşağını yeməsi təsvir edilirdi. Bu dəhşətli faciəni oxuyanda, ən daşürəkli adamlar belə ağlayırdı. O sərvətləri müqavilə əsasında İran tacirlərilə hər növ ərzağa dəyişdirərək Rusiyaya göndərirdilər. Ağa Musa haqqında danışanda neftxuda Mantaşovun işlər müdiri Qriqori Aleksandroviç Qazarbəyov deyirdi: «Min doqquz yüz səkkizinci ildə xəbər yayıldı 7 ki, bəs Ağa Musa şəhərdə səkkiz əzəmətli bina tikdirir. Dördünü Telefonnı (28 May) küçəsində, birini Kaspi (R. Behbudov) küçəsində, bir mülk Tarqovı (Nizami) küçəsi ilə Marinski (Rəsul Rza) küçəsinin tinində, birini opera teatrının yanında, birini Qarçakov (H. Z. Tağıyev) küçəsində,—yeddi mərtəbəli «Novaya Avropa» («Göy-Göl» mehmanxanası), birini də şəhərin qırağında (Musa Nağıyev xəstəxanası)...». Bu binaları tikməyi Ağa Musa məşhur ev podratçısı Hacı Qasımova tapşırmışdı. Azərbaycanın milyonçuları evlərini tikməyi çox vaxt ona həvalə edirdilər. Hacı Qasımovun özünün də şəhərdə bir neçə iri binası vardı. Bədxahlardan biri, aranı vurmaq, sövdanı pozmaq üçün gedib Ağa Musaya xəbər verir ki, Hacı Qasımov sənin evlərinin hesabına özünə də Stanislav (Azadlıq küçəsində, Bakı texniki məktəbi ilə üzbəüz) dördmərtəbəli, böyük imarət tikdirir. Sənin səkkiz mülkünün hesabına doqquzuncunu özünə tikdirir. Ağa Musa gülüb deyir: «Atam-atam, məndən heç kəs heç nə oğurlaya bilməz. Hacı Qasım o mülkü material aldığı adamların hesabına tikdirir; məndən səkkiz bina üçün aldığı pula, doqovor bağlayıb başqa xozeynlərdən doqquz binanın materialını alır. Hər səkkiz daşa bir daş, səkkiz dirəyə bir dirək, səkkiz mismara bir mismar... Bənna və əmələlərlə də eynən şərtləşib qəbaləyə qol çəkdirib. Mən mülklərimə sərf edilən şeyləri, hətta yivləri, mismarı əlimlə bir-bir yoxlamamış təhvil götürmürəm. Bunu podratçılar, mənimlə alver edənlər çox yaxşı bilir...» Hacı Qasımovun podratla bina tikmək kontoru ilə yanaşı böyük ticarət mağazası vardı, hər növ inşaat materialı satırdı. Dünyanın hər yerindən mal gətirtdirirdi. Böyük mağazalarından birisi texniki məktəblə üzbəüz olan mülkün altında idi; cənuba baxan divarda böyük hərflərlə yazılmışdı: «Parket—Döşəmə». Qriqori Aleksandroviç Qazarbəyov danışırdı: «Mantaşov mənə tapşırmışdı ki, müsəlmanların, Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlı bütün xeyir-şər mərasimlərinə gedim və o məclislərə pul əsirgəməyim. Bir dəfə dəvətnamə aldım ki, müsəlman cəmiyyət xeyriyyəsində mərasim olacaq. Qoltuq ciblərimdən birinə yüz manat, o birisinə isə 800 manat pul qoydum getdim İsmailiyəyə. Foyeyə girəndə mənə sarı gələn xanımın gözəlliyinə, üst-başındakı ləl-cavahirata valeh oldum. Durduğum yerdən tərpənə bilmədim, elə bil məni ovsunlamışdılar. Bu Hacı Zeynalabdinin arvadı Sona xanım idi; gözəllikdə və səxavətdə məşhur idi, xeyriyyə işlərinə çox kömək edirdi. Onu müşayiət edən iki qızın əlində məcməi vardı, birisində ipək lent parçaları, o birisində isə pul... Ləl-cavahirat içində üzən Sona xanım məcməidən bir lenta nişanı götürüb, döşümə taxdı. Mən qeyri-ixtiyari qoltuq cibimdəki pulu çıxarıb, dəvətnamənin arasına qoydum və məcməiyə saldım. Bu vaxt Ağa Musa Nağıyev göründü. Sona xanım onun da döşünə bir nişan taxdı. Ağa Musa cibindən bir göy üç manatlıq çıxarıb əli əsə-əsə məcməiyə tulladı. Sona xanım gülümsəyib dedi: «Ağa Musa, bir az əvvəl, oğlun Ağa İsmayıl məcməiyə bir yüzlük atdı, sən isə...» Ağa Musa xanımı sözünü tamamlamağa qoymadı: «Atam- 8 atam, o verər, ona nə var, o mənim oğlumdur, milyonçu Ağa Musanın oğlu... Sona xanım, mən kimin oğluyam? Saman satan biləcərili Nağının...» Qazarbəyov deyirdi ki, qoltuğumu yoxlayanda baxıb gördüm ki, xanımın gözəlliyinə, üst-başındakı cavahirata valeh olub, çaşdığımdan 100 manat əvəzinə, məcməiyə 800 manat salmışam. Kübarlar adlı-sanlı xanəndələrin, rəqqasələrin, musiqiçilərin iştirakilə müsamirələr keçirərdilər. İlin axırında, dekabr ayının əvvəllərində ənənəvi müsamirə verilərdi. Neftxudalar, zəngin tacirlər, zavod-fabrik sahibləri, tərsanələrin, gəmi kompaniyalarının yiyələri, varlı ziyalılar, bankirlər, Bakının yüksək rütbəli məmurları—qubernator, onun müavini, qalabəyi (qarodonaçalnik), bələdiyyə rəisi, hərbi komendant (general ya da polkovnik), liman rəisi (vitse admiral), hamısı da arvadlarilə, bu məclislərdə toplaşardılar. «Narodnıy dom»da məclislər qurar, əylənərdilər; bu ikimərtəbəli bina böyük bir məhəlləni tuturdu, bir tərəfdə Kamenisti (Bəşir Səfəroğlu) küçəsi, digər tərəfdə Suraxanı (Bir may) küçəsi uzanır, fasad isə Mala morskoy küçəsinə baxırdı, binanı bir ilə tikmişdilər (1900-1901); məclislər çox şən və təmtəraqlı keçərdi. «Narodnıy dom»u xaricdən və içəridən çox gözəl bəzəyirdilər. Hər yer və hər şey par-par yanırdı. Adamların geyimini təsvir etmək belə çətindir. Xanımlar ləl-cavahirat içində üzərdilər, libasları, bəzəkləri göz qamaşdırırdı. Hərbçilərin və dənizçilərin mundirləri, orden və medalları uzaqdan gözə girirdi. Kişilər dərzidən təzə çıxmış smokinq, frak, vəznələri qızıldan, şirmayıdan olan çərkəzi çuxalar, sürtuk, kostyum geyirdilər. Bir-birinə qarışan ətirlər adamı məst edərdi. Başlanğıcda üç-dörd nəfər aktyorun ifasında qısa bir komediya vodevil, məzhəkə göstərərdilər. Sonra qərb və şərq musiqisi çalınardı. Rəqs başlanardı. Bufetdə quş südü istənilsəydi tapılardı. Məşhur milyonçuların, yüksək rütbə sahiblərinin—Taqiyanozov, Rayev, Bardokinin, Səlimxanov və başqalarının arvadları «alış-veriş» edərdilər. Muxtarovun arvadı Liza xanım, Taqiyanozovun arvadı Tamara lotereya, başqa dövlətli arvadlar gül-çiçək «satardılar». Kişilər isə əskinas, qızıl sikkə əsirgəməzdilər. Gecə ərzində birdən on min, on beş min manat toplanardı. Üç yerdə pul yığılardı. Bu müsamirədə iki nəfərin verdikləri ianə qəzetlərdə əksini tapmışdı. «Hacı Zeynalabdin Tağıyev içəri girəndə qapı ağzındakı kassaya—1000 manat; Şampan şərabı içilən stolun kassasına—1000 manat; Çay dəstgahı kassasına—1000 manat = 3000 manat Musa Nağıyev qapı ağzındakı kassaya—100 manat. Şampan şərabı kassasına—100 manat Çay dəsgahı kassasına—100 manat=300 manat» Bu ənənəvi müsamirələri idarə edən Hacı Zeynalabdin Tağıyev idi. 1913-cü ildə isə qəzetlərdə elan edilmişdi ki, nəvəsinin ölümünə yas saxladığı üçün 9 müsamirəyə gələ bilməyib, məsul idarəçi vəzifəsini məşhur xeyriyyəçi Musa Nağıyev icra edib. Cəm olan pulları kasıb tələbə və şagirdlərin, yetim evlərinin, dustaqların ehtiyacına sərf edərdilər. Bir dəfə Rusiyada oxuyan azərbaycanlı tələbələr üçün pul yığanlar Ağa Musanın yanına gedirlər, o da çıxarıb üç manat verir. Deyəndə ki, Tağıyev 200 manat verib, Ağa Musa cavab verir: «Hacı dövlətli adamdır, o, əlbəttə verər. O, beş yüz də verə bilər... Atam-atam, mən kasıb babayam, məndə o qədər tanka hardan?» «Qış klubu» adlanan əzəmətli bina və ona bitişik «Astoriya» mehmanxanası da Musa Nağıyevinki idi. Çoxlu mənfəət götürür, kirə alırdı. Hər iki binanı bir gürcü icarəyə götürüb işlədirdi. Ağa Musa bəzən kazinodakı qumar otağında həmişə oturduğu kresloda əyləşər, qumar oynayanlara baxar, arabir mürgüləyərdi; var-yoxunu uduzan, dəryada batan saman çöpündən yapışan kimi Ağa Musa oturan kresloya tərəf qaçar, ətəyindən tutub yalvarmağa başlardı. O isə, halını pozmadan bircə kəlmə ilə qərarını deyərdi. Hamı bilərdi ki, qoyduğu şərti göy yerə ensə dəyişdirə bilməz. Bu yolla on minlərlə manat pul, iri imarətlər, neftli torpaq, mədən və zavodlar, gəmilər onda bir, iyirmidə bir qiymətində, dəyər-dəyməzinə Ağa Musanın polad caynağına, amansız pəncəsinə keçərdi. Qumar ayağında doğma qardaş belə dada çata bilmirdi. ...Banket və məclislərdə hər kəs varına və nüfuzuna görə ayrılan yerdə, stulda otururdu. Künclərdə dəllallar və iş düzəldənlər, yan tərəflərdə zavod sahibləri, ortada isə bankirlər, maliyyə nəhəngləri, neftxudalar əyləşərdilər. Hər stolun arxasındakı stulların qoyuluşunda bir məna vardı. Salon özlüyündə maliyyə- iqtisadi xəritəyə oxşayırdı. Sərvətin artması və azalması ilə ildən-ilə bu xəritəyə əl gəzdirilərdi; birdən küncdəki, heç kəsin vaxtilə saymadığı, nəzəri cəlb etməyən dəllal gözlənilmədən mərkəzə keçərdi və əksinə, mərkəzdən ən mötəbər yerdə əyləşənlər yoxa çıxardı. Bəzən xəritə hər ay təshih olunur və yerlər dəyişərdi. Öz yerində tərpənməz oturanlar on-on beş nəfər idi; mövqeləri heç vaxt dəyişməzdi. Güzgülü salondakı girdə ziyafət stolunun dövrəsində isə ancaq nəhəng neftxudalar və bankirlər oturardılar. Qab-qacaq gümüşdən, büllurdan və çinidən olurdu. Ziyafət zamanı bir-birinin sirrini, planını, maliyyə gücünü və buraxılacaq aksiyanın miqdarını min yolla öyrənməyə cəhd edərdilər. Əli aşağı olan adamlar Ağa Musaya dövlət bankına veriləcək vekselə (zəmanət kağızına) qol çəkdirmək üçün əvvəldən bir balaca qumar məclisi düzəldər və Musaya qəsdən müəyyən qədər uduzub kefini kökəldəndən sonra zəmanət kağızını imzaladardılar. Bəzən onu restorana qonaq aparırlarmış. Bir kənarda oturub, bir tikə çörək üstünə kotlet qoydurub yeyərmiş ki, «atam-atam, mən toxam, iştahım küsüb». Heç bir dilənçi ona əl açmazdı, bilirdilər ki, faydasızdır. 10

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.