downloaded from KitabYurdu.org Əli Əkbər AMNEZİYA esxatoloji perspektivdə avtoritarizm anatomiyası 1 downloaded from KitabYurdu.org Saparmurad Türkmənbaşı və Yelena Çauşeskunun əziz xatirələrinə ithaf olunur. 2 downloaded from KitabYurdu.org Üz qapağının dizaynı: Orxan Hüseynov Arxa qapaq fotosu: Türkan Hüseynova Arxa qapaq fotosundakı məkan: Bakı katolik kilsəsi (Fondakı İsa Məsih heykəli Bakı katolik kilsəsinə Azərbaycan Gömrük Komitəsi tərəfindən hədiyyə edilib) 3 downloaded from KitabYurdu.org "...Əlbəttə, hakimiyyət kiçik, imtiyazlı bir zümrəyə aid olduğu halda belə, ölkə sərvətlərinin bərabər, ədalətli bölgüsü aparıla, insanlara özəl mülkiyyət və komfortlu həyat haqqı tanına bilər. Lakin belə bir cəmiyyət uzunömürlü olmayacaq. Çünki hər kəsə sərvətlərdən pay düşsə, insanların əyləncəyə vaxtı qalsa kütlə savadlanacaq, müstəqil düşünməyə başlayacaq, nəticədə isə imtiyazlı fəqət heç bir funksiyası olmayan kiçik hakim zümrəni devirəcək. Bu səbəbdən iyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət üzərində bərqərar olmalıdır...” “...Partiyanı dağıtmaq qüdrətində olan narazılar, ölkənin 85 faizini təşkil edir... Bu narazılar öz güclərinin, imkanlarının fərqinə varsalar, çevriliş etmək üçün əlbir olmalarına da ehtiyacları qalmaz. Bunun üçün, onların ayağa qalxaraq, at kimi üstlərindəki milçəkləri silkələməsi kifayətdir. Partiyanı məhv etmək onların istəklərinə bağlıdır və çox asandır. Gec-tez buna ağılları çatacaq. Amma!..” George Orwell “1984” “...Respublika Prezidentinin adını anmaq, millətin müqəddəs maraqlarına məşəl kimi işıq tutmaq deməkdir! O millət ki, ulu öndərin müdrik rəhbərliyi altında bütün sahələrdə inkişafa nail olub və olmaqda davam edir! Öz taleyi, dolaylı olaraq da Vətənin taleyi üçün narahat olan, ləyaqətli və anarxiya düşməni azad vətəndaşlar olaraq bildiririk ki, ölkəmizin çiçəklənməsi yalnız və yalnız bizim ulu prezidentimizin yenidən bu posta seçilməsilə mümkündür! Nə üçün dövlət gəmisinin idarəsini başqasına verərək riskə getməliyik? Axı bizim ölkəni hal-hazırda əsrimizin ən görkəmli dövlət xadimi idarə edir! Tarix onu dahilərin dahisi, müdriklərin müdriki, azadlıq mücahidi, mütəfəkkir və demokrat kimi ucaldıb artıq! Prezident postunda onun yerinə hansısa başqa adamı təsəvvür edən kəs, dərhal millətin, yəni bizim hamımızın maraqlarına xəyanət edən xain kimi damğalanmalıdır! Belə bir fikri ağlına gətirənlər, kimliyindən asılı olmayaraq cəmiyyət üçün təhlükəli ruhi xəstələr kimi təcrid olunmalı, əgər ruhi xəstə deyillərsə, onda qanunlarımıza müvafiq olaraq Vətənə xəyanət maddəsi ilə ittiham olunaraq həbsxanaya göndərilməlidirlər!..” Migel Anxel Asturias “Sinyor prezident” 4 downloaded from KitabYurdu.org HƏR ŞEY BELƏ BAŞLADI (Trivial reminissensiya) Hər şey, sərsəri bir bombanın partlaması ilə başladı. Yox, müharibə çoxdan bitmişdi, bomba da göydən düşməmişdi. Heç kəs - o cümlədən 3 yaşlı İslamın II Dünya müharibəsinin veteranı olan qəhrəman atası da - yerin dibindən bombanın çıxacağını təsəvvür edə bilməzdi. Talıb Qulamov 1950-ci ildə ali məktəbi bitirən kimi, Odessa şəhərindəki Maşınqayırma zavoduna təyinat almışdı. Odessanın cənub-qərbində, almanların bombalayaraq yerlə bir etdiyi yaşayış məntəqələri – kəndlər və qəsəbələr artıq bərpa olunmuş, həyat normal axarına düşmüşdü. Bərpa olunan rayonlardan biri də, Artsiz rayonu idi. Talıbgilin ailəsinə də bu rayondakı Nadejdovka qəsəbəsində, elə qəsəbənin adına uyğun, ailənin ümid yeri olan bir mənzil verilmişdi. Talıbın işləyəcəyi Maşınqayırma zavodu da, evinin yarım kilometrliyində yerləşirdi. Yeni inşa edilmiş, gözoxşayan üç mərtəbəli “stalinka”nın birinci mərtəbəsində, iki otaqlı mənzil hələ də boya, lak, aseton qoxuyurdu. Talıbın arvadı Ceyranın ilk işi, bütün pəncərə altlarını və balkonu dibçəklərlə bəzəmək olmuşdu. Nadejdovka qəsəbəsinin mərkəzində tikilən dörd üç bloklu “stalinka” kvadrat formada inşa edildiyi üçün, həyətdə geniş bir meydan boş qalmışdı. Sakinlər mənzillərə köçəndən sonra, qəsəbə soveti onlara həyətyanı sahə ilə bağlı göstəriş vermişdi. “Müharibə yenicə bitib, hələ hökumətimiz özünə gəlməyib, çətinliklər var. Bu həyəti də siz abıra salmalısınız. Uşaqlara meydança qurun, özünüz üçün ağaclar əkin. Mərkəzə yazmışıq. Skamyalar, bir-iki dənə də karusel söz veriblər. İş üçün lazım olan bütün alətlər veriləcək...” Yeni mənzillərdən son dərəcə razı qalan, xoşbəxt sovet vətəndaşları, böyük həvəslə işə girişdilər. SSRİ müharibədə qalib gəlmişdi və bu insanlar, hələ də zəfər eyforiyasından çıxmamışdılar. Hər kəs böyük məmnuniyyətlə dövlətlə əl-ələ, qol-qola olmağa, gecə-gündüz işləməyə, yoldaş Stalinə kömək etməyə hazır idi. Həyətdə park salmaq, uşaqlarına oyun meydançası hədiyyə etmək istəyən sakinlər hamılıqla qollarını çırmayıb, qadınlı-kişili torpaqda eşələnirdilər. İslamın anası Ceyran da qonşu qadınlarla bir yerdə yer belləyir, ağac əkir, hamıdan daha əzmli və inadkar olmağı ilə ərini qürurlandırırdı. Tibb bacısı olan Ceyranın həyəcanını başa düşmək çətin deyildi - canından əziz oğlu, uzağı bir həftə sonra bu həyətdə o baş-bu başa qaçacaqdı. Ceyran əlinin tərsi ilə alnının tərini silib, belı növbəti dəfə, var gücü ilə torpağa sancdı. “Bu nədi belə?” - belin tiyəsi sərt bir cismə dirənmişdi. Daş plitələrin döşəndiyi hissədə işləyən Talıb, Ceyranın səsləməsi ilə arvadına yaxınlaşdı. Onun əlindən beli alıb bir neçə dəfə sərt cismə vurdu. Cisim daşa oxşamırdı. Qəribə küt səs çıxarırdı. Talıbın yəhudi, gürcü, kalmık qonşuları karıxdığını görüb ona yaxınlaşdılar. - Lopatka ilə olmur – Talıb dedi. – Gəlin lomla vuraq. Talıb, gürcü Aftandilin əlindən lingi alıb, birinci zərbəni özü vurdu. Sonra yenə, yenə, yenə vurdu. Tərlədi. Aftandil lingi götürüb bir neçə dəfə özü vurdu. Ceyran da bir yandan belin ucu ilə torpağı eşələməklə kişilərə kömək edirdi. Yəhudi David qonşularının əziyyət çəkdiyini görüb: - Çəkilin qırağa. Bu dəfə mən sınayım. Davidin zərbəsi sonuncu oldu. Hər şey bir göz qırpımında baş verdi. Üçüncü Reyxin “Luftwaffe”sindən qalma “yadigar” mərminin partlaması ilə, bayaqdan sərt cismin ətrafında toplaşıb ona zərbələr endirən, hətta tamaşa edənlərin hamısı parça-parça oldu. Üç yaşlı İslam isə, o vaxt Zoya Kosmodemyanskaya adına 2 saylı uşaq bağçasında mışıl-mışıl yatırdı. *** Faciənin xəbəri SSRİ-yə yayılmadı. Ümumiyyətlə SSRİ-də nəinki pis, bəzən yaxşı xəbərlər də yayılmırdı. Total təcrid sistemi mükəmməl işləyirdi bu dövlətdə. Elə də olmalıydı. “Əmin addımlarla kommunizmə doğru irəliləyən” vətəndaşları ruhdan sala biləcək, onları bədbinləşdirəcək xəbərlərin qarşısı alınmalıydı. Hər şey elə ustalıqla ört-basdır edildi ki, bir ay sonra “stalinkalara” köçən yeni sakinlər, onlardan əvvəl bu həyətdə nələrin baş verdiyindən bixəbər idilər. Bəs 3 yaşlı İslamın taleyi necə oldu? Azərbaycanın gələcək birinci katibinin, daha sonra isə prezidentinin rəsmi tərcümeyi-halında valideynlərinin faciəvi surətdə öldüyü, İslamın isə uşaq evində böyüdüyü yazılmaqdadır. Bu məlumatların üstündən ötəri keçilsə və uşaqlığı ilə yeniyetməliyi barədə başqa heç nə bilinməsə də, onun tələbəlik dövrü, xüsusən də Leninqrad Politexnik İnstitutunda oxuduğu illər haqqında kifayət qədər məlumat var. 5 downloaded from KitabYurdu.org “İslam Qulamovun atası və anası Odessada bir partlayışda həlak olublar. Bunu da sonradan, səksəninci illərin sonunda öyrəndim. Onu yaxşı tanıyan adam kimi deyə bilərəm ki, o heç vaxt öz uşaqlığından danışmazdı. Elə bil həyatı Leninqradla başlayırdı, ondan əvvəl isə ümumiyyətlə yaşamamışdı.” 80-ci illərin əvvəllərindən Qulamovla Mərkəzi Komitədə işləmiş, sonradan Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda isə Avropa ölkələrinin birində mühacirətdə yaşayan Həsən Həsənov bunları öz xatirələrində yazır. Amma Həsənovun bilmədiyini bilən adam da tapıldı. Söhbət, 1954-cü ildə bacısı Məsmə ilə birlikdə Bakı şəhərindəki 2 saylı uşaq evinin himayəsinə verilən Xanış Quliyevdən gedir. Xanış kişi hal-hazırda Moskvada yaşayır. O, ailəsi ilə hələ səksəninci illərin sonlarında Rusiyaya köçüb. “Yaxşı yadımdadır. 54-cü ilin oktyabrında atam öləndən və bacımla mən yetim qalandan sonra, bizi 2 saylı uşaq evinə verdilər. Yetimxanada qızlı-oğlanlı o qədər uşaq vardı ki, ikimərtəbəli binada onlara çarpayı çatdırmaq olmurdu”. Xanış kişinin sözlərinə görə, həmin vaxt ölkədə hələ qıtlıq hökm sürsə də, uşaqlara yaxşı yemək verirdilər. Hər gün şorba, sıyıq və bir parça çovdar çörəyi. Uşaqların çoxu öz çörəyini ehtiyat üçün yastıqlarının altında gizlədərdilər. Azərbaycanın gələcək prezidenti, 7 yaşlı İslamı isə, Xanış kişi belə xatırlayır: “Həyətdə futbol oynayardıq. İslamın isə idmana marağı yox idi. Bir dəfə onu qapıçı qoyduq. Buraxdığı birinci qoldan sonra yataqxanaya qaçdı. İncimişdi. Vəzifəyə gələndən sonra, onun qapısına qol vuran adamı öldürtdürdü. İzi-tozu qalmadı yazığın. Belə kinliydi. Onun heç oxumağa da həvəsi yox idi. Uşaqlardan da gen gəzirdi. Biz bir yerə yığışıb, laqqırtı vuranda, cürbəcür oyunlar fikirləşəndə, İslam həmişə tək qalırdı. Nəsə mənə elə gəlirdi ki, o, bizim yanımızda darıxır. Həm də kədərli olurdu. O vaxtdan yarım əsr ötüb, amma balaca İslam hələ də gözümün qabağındadır: həmişəki kimi tək, qaradinməz, qaşlarının altından oğrun-oğrun baxan uşaq…” Bəzi qoçaqlar yetimxanadan qaçmağa cəhd edirdilər. Hündür, kərpic hasarın həndəvərində dolaşan itin adi vaxt uşaqlarla işi olmurdu, amma qaçmaq istəyənlərin üstünə cumurdu. Xanış da qaçanlar arasında olub. “İslama dedim ki, qaçaq mənimlə. Amma o razı olmadı. Mənə elə gəlir, itdən qorxurdu. Bəlkə də qorxmurdu. Bir sual, indiyə qədər mənə dinclik vermir - uşaq evinə sığınan, orada böyüyən adam, necə oldu ki, öz xalqına qarşı belə amansız, qəddar oldu?” “İslam Qulamov yetim olduğunu tez-tez vurğulamağı sevirdi. Əlbəttə, o atasız-anasız böyümüşdü. Amma çox az adam bilir ki, onun “yetimliyi” o qədər də uzun sürməyib” - bu sözlər isə Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri, baş nazirin keçmiş müavini Xanəmir Heybətova məxsusdur. O da indi xaricdə yaşayır. Azərbaycanda onun haqqında qondarma cinayət işi açıldığından, Heybətov vətənə qayıdarsa, ömürlük həbs cəzasına məhkum ediləcək. “İnanın, mən nə danışdığımı çox yaxşı bilirəm. İslamın Şamaxıda yaşayan əmisi var idi. Azərbaycanın ən qabaqcıl kolxozlarından birinə sədrlik edirdi. Bilirsiniz, bu nə deməkdir? Minlərlə baş qoyun, bol-bol məhsul, meyvə-tərəvəz... Bir sözlə, onun əmisi, o vaxtların şərtlərinə görə, imkanlı adam idi. Mən dəqiq bilirəm ki, o qardaşı oğlunu bir il sonra öz yanına, Şamaxıya apardı. Onun üçün əlindən gələni əsirgəmirdi, heç nədən korluq çəkməyə qoymurdu. Özü oxutdurdu onu, boya-başa çatdırdı. 1970-ci ildə İslam Qulamovun Leninqrad Politexnik İnstitutunu bitirdiyini hamımız bilirik. Bəs İslam Qulamovun bu ali məktəbə daxil olana qədər, Moskvada ali təhsil almağa cəhd elədiyini bilən varmı? Qulamov orta məktəbi qurtarandan sonra, qibtə olunası inadkarlıqla həmkarlar ittifaqlarının, müxtəlif təşkilatların kandarını yağır eləmişdi. Yer üzündə bircə doğma adamının olmamasından şikayətlənir, yalvarırdı ki, onu Moskvaya oxumağa göndərsinlər. Göndərdilər də…” Sən demə Azərbaycanın gələcək prezidenti Moskva Su Təsərrüfatı İnstitutunda bir il oxuyandan sonra, onu ali məktəbdən xaric ediblər… yaxşı oxumadığına görə. O da, suyu süzülə-süzülə, əmisinin Şamaxıdakı evinə qayıdıb. İnanılmaz olsa da, bir müddət sonra Qulamov yenə həmin ittifaqlara müraciət eləməyə başlayıb. Yenə də ona rəhm edib, kömək əlini uzadıblar. Bu dəfə Leninqrad Politexnik İnstitutuna göndərməklə. Heybətovun sözlərinə görə, İslam Qulamovun gənclik illərindən gizlədiləsi çox şey var. Elə bu səbəbdən, Qulamov onu gəncliyindən tanıyan hər kəsin başını əkib – kimisini həbsə atıb, kimisini ölkədən qovub, kimisini də öldürtdürüb. Hətta, onu böyüdən, oxutduran əmisinə, onun ailəsinə və əmisinin Şamaxıdakı qonşularına da mərhəmət etməyib. “Mən onunla eyni vaxtda oxuyan bəzi azərbaycanlılarla söhbət eləmişəm. Əmisi ona paltar, yemək, pul göndərirdi. Üstəlik, yetim olduğuna görə tələbə uşaqlar da olan-qalanlarını onunla bölüşürdülər.” Ali məktəbi bitirəndən sonra, Qulamovun həyatında növbəti mərhələ başlayır - QRES-dəki işi. Heybətov danışır ki, Qulamov nə mühəndis kimi mühəndis, nə də adam kimi adam olmayıb. İntellekti də sıfırın altında olub. Amma yaltaqlıda pərgar idi. Bir dəfə Azərbaycan KPMK-nin birinci katibi Gülməmməd Qafarov QRES-ə gəlir. Qulamov yüksək çinli qonaqdan ötrü əldən-ayaqdan gedibmiş. Gah çay süzür, gah meyvə qabını ona tərəf çəkir. Qafarov soruşur: “Bu cavan oğlan kimdir?”. Ona deyirlər ki, gənc mütəxəssisdir, yetim oğlandır, ata-anasız böyüyüb. Birinci katib də “Neynək, belədirsə, mən ona kömək eləyərəm” deyir. Bir ay, iki ay, üç ay keçir. Bu söhbətin üstündən yarım il ötür. Qulamov Qafarovun vəd etdiyi köməyi səbirlə gözləyir. Sonda, gözləməkdən yorulan gənc kadr, qərara gəlir ki, özü Respublika başçısının qəbuluna düşüb, vədini ona xatırlatsın. Qafarov yetim oğlana rəhm eləyib, onu özünə yaxınlaşdırır. Artıq Qulamov Qafarovun kabinetindən çıxmaz olmuşdu. Hətta Birinci katibin evində də tez-tez olurdu. Başmaqlarını cütləyir, çantasını daşıyır, evin bazarlığını eləyir, qapısını açırdı. Yeri gəlmişkən, yüksək vəzifəli adamlara qapı açmaq Qulamovun adəti idi. Heybətov gülə-gülə yada salır: “Yaxşı yadımdadı, o vaxt hələ MK-da işləyirdi. Elə ki, görürdü, rəhbərlikdən kimsə çıxış qapısına tərəf gedir, güllə kimi ora götürülürdü. Gülümsəyərək, başını aşağı salıb, qapını açırdı. Sonralar isə...” Heybətov köksünü ötürür. “Gündüzlər, iş vaxtı o, çox sadə adam idi. Zəngin həyata meyli, özünü heç nədə biruzə vermirdi. Zövqsüz, ucuz paltarlar geyinirdi, ancaq xidməti maşında gəzirdi, sadə mənzildə yaşayırdı. Amma 6 downloaded from KitabYurdu.org gecə ki, düşdü, onu tanımaq olmurdu! Hətta Azərbaycan kompartiyasının MK-nin birinci katibi olandan sonra belə, eyş- işrəti, qumarı tərgitə bilmirdi”. Qulamovun Azərbaycan SSR KP-nın Birinci Katibi seçilməsi də müəmmalı olmuşdu. Qafarovun qəfildən infarkt keçirərək ölməsi, ölmədən əvvəl isə bir neçə məclisdə, ən əsası isə Moskvada, özündən sonra ən layiqli namizəd kimi İslam Qulamovu gördüyünü dilə gətirməsi, sonuncunun ləyaqətsiz şəxsiyyətinə bələd olan adamlarda istər-istəməz şübhə doğururdu. Lakin, bütün şübhələrə baxmayaraq olan olmuş və İslam Qulamov 1985-ci ildə Birinci Katib seçilmişdi. SSRİ dövrünün mahir yaltağı olan İslam Qulamov, yaltaqlanmaqda o qədər qabağa getmişdi ki, respublika vətəndaşları üçün iş vaxtını da Moskvaya uyğunlaşdırmışdı. Ona qədər iş vaxtı səhər 9-da başlayıb, axşam saat 18.00-da qurtarırdı. Əslində, elə Moskvada da eyni sistem idi. Amma Spass qülləsindəki saat 18.00-ı vuranda, Azərbaycanda bir saat fərqlə 19.00 olurdu. Qulamov isə əmr eləmişdi ki, iş günü Moskvada iş bitəndə sona yetməlidir. Yəni Azərbaycanda 19.00 olanda. Yeri gəlmişkən, SSRİ xalq deputatlarının 89-cu qurultayında, Sovet Konstitusiyasındakı Kommunist Partiyasının aparıcı rolu barədəki 6-cı maddənin dəyişdirilməsinin əleyhinə birinci səs verən də Qulamov olmuşdu. KP MK-nin Siyasi Bürosunun keçmiş üzvü Aleksandr Yakovlev yazır ki, “Biz Qulamovla Siyasi Büronun qurultaylarında və iclaslarında görüşürdük. Onda heç bir diqqətəlayiq cəhət görməmişəm. Demokratik islahatlar vaxtı onun özünü aparmağına gəlincə… nə bilim, mənə elə gəlir ki, onun heç vecinə də deyildi. Əgər Perestroyka başlamasaydı, o heç də məyus olmayacaqdı. Amma bir şeyi danmaq olmaz ki, onda şərqlilərə məxsus nəzakət, hörmətcillik vardı.” KP MK-nin Siyasi Bürosunun bir başqa keçmiş üzvü Yeqor Liqaçov isə yazır: “Adi, ortabab adam idi! Elə də parlaq intellekti-filanı yox idi. Nəsə bir təşəbbüskarlığı da həmçinin. Taktikası da belə idi – hamı necə, o da elə. Buna görə də, çalışırdı kütləvi çıxışlar eləməsin. Belə baxanda çalışqan, qulluqpərgar adam kimi yadımda qalıb. Əslində, o vaxtlar elə hamı belə idi. Yadıma gəlir, bir dəfə xahiş elədi ki, respublikada içməli su təchizatı məsələsində ona kömək eləyim. Mən də etdim. Sonra mənə danışırdılar ki, Azərbaycanda o, tez-tez mənim sağlığıma badələr qaldırırmış. Deməli, minnətdarlıq hissindən məhrum deyildi”. SSRİ dağılandan sonra Qulamov uzun müddət bilmədi özünü necə aparsın. “Birdən hər şey təzədən əvvəlki vəziyyətə qayıtdı, onda necə?” Amma heç nə “qayıtmadı”. SSRİ adlı ölkə artıq süquta uğramış, geriyə dönüşü olmayan yola qədəm qoyulmuşdu. Müstəqilliyin ilk günlərində Azərbaycanda liberal dəyərləri mənimsəmiş demokratik qüvvələr formalaşmağa başlasa da, onlar repressiya aparatının vahid idarəçisi, cəza mexanizminin yeganə nəzarətçisi, geniş inzibati resurslara malik Qulamovun qarşısında duruş gətirə bilməyəcək qədər zəif idilər. Sonda, tiraniyadan qurtulmağı arzulayan xalqın qorxduğu oldu və Qulamov 98 faiz “səs çoxluğu” ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Avropa Şurası isə, Azərbaycanı Rusiyanın orbitindən çıxarmaq üçün, tez-tələsik aldığı qərarla bu ölkəni sıralarına qəbul edərək, tarixindəki ən böyük səhvi işləmiş oldu. Avropalılar bir az da gözləmiş olsaydılar, İslam Qulamovun Avropa dəyərlərinə və demokratiyaya hansı münasibətdə olduğunu özləri görəcəkdilər. Avropa Şurası birinci şoku SSRİ-nin dağıldığı ilk günlərdə Demokratik İslahatlar Partiyasını quran və qısa müddətdə ölkədə kifayət qədər populyarlaşaraq xalqın rəğbətini qazanan Qərbyönümlü liberal Niyazi Salayevin gülünc ittihamla həbs olunması ilə keçirdi. Onu ABŞ-a işləməkdə günahlandıraraq həbs etdirən Qulamovun sonrakı hakimiyyət illəri, Niyazi Salayevə 90 faizdən artıq səs vermiş xalqdan (seçkilərin real nəticələrindən çox yaxşı xəbərdar olan Qulamov, ömrünün sonuna qədər Azərbaycan xalqına bunu bağışlamayacaqdı) intiqam almaq strategiyası üzərində qurulmuşdu. Avropa verdiyi tələsik qərardan ötrü peşman olmuşdu, amma artıq çox gec idi. Olan olmuşdu. 1993-cü ildə, dünyanın nüfuzlu neft şirkətləri ilə Azərbaycan nefti və qazının satılması üzrə müqavilələr imzalayan İslam Qulamov, ilk neft-qaz gəlirləri əlinə keçməyə başlayan kimi, özünə iqamətgahlar, saraylar tikdirməyə başladı. Respublikanın dörd bir yanında ucalan nəhəng və zövqsüz tikililərdə yalnız qızıldan və mərmərdən istifadə olunurdu. Qulamovun çoxsaylı “oyuncaqları” arasında təyyarələrini, son model avtomobillərini, saat kolleksiyasını, məşhur rəssamların tablolarını, Dubayda aldığı villaları, hətta süni adaları da sadalamaq olar. 1994-cü ildə, Rusiya Federasiyasına etdiyi uğursuz səfərdən qayıdan Qulamov, gözlənilmədən öz soyadından imtina etdiyini və bundan sonra Milli soyadından istifadə edəcəyini açıqlamışdı. “Mən milliyəm, soyadım da Milli olmalıdır” deyən Qulamov, maraqlıdır ki, bu soyadın istifadə hüququnu yalnız özü və ailə üzvləri ilə məhdudlaşdırmış, yerdə qalan Azərbaycan vətəndaşlarına “Milli” soyadını qəbul etməyi qadağan etmişdi. “Mən hər zaman milli-mənəvi-dini dəyərlərimizə bağlı adam olmuşam. Hələ SSRİ dövründə dinimiz, milli dəyərlərimiz uğrunda vuruşmuşam. Kompartiyaya nifrət etmişəm, Qorbaçova da ağzımdan çıxanı demişəm. Adımı təsadüfən İslam qoymayıblar. Bu ad mənə, ağır ömür yolumda çox kömək olub. Soyadımı Milli etməklə, mən bütün dəyərlərimizi təcəssüm etdirən lider kimi adımı və soyadımı da şəxsiyyətimlə tamamlayaraq - İslam Milliyə çevrilirəm və ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”. Bir baxıma, bu hərəkəti ilə milli və dini dəyərlərin əsl mahiyyətini açan İslam Milli, fərqində olmadan Azərbaycanın inkişaf yolunun yalnız və yalnız Qərbin liberal dəyərlərində olduğunu göstərmiş və milli-mənəvi dəyərlərə istinad edən azsaylı müxalif fikirli ziyalıları da, Qərbdən başqa alternativin olmadığına əmin etmişdi. Bəli, nə qədər paradoksal səslənsə də, ən azı buna görə, yeni soyadından əlavə “Millətin atası”, “Parlaq günəş” və “Dünyanı heyran qoyan adam” kimi titul və adlara sahib olan İslam Milliyə, dərin təşəkkür düşür. *** 7 downloaded from KitabYurdu.org İslam Milli Azərbaycanda postsovet diktaturası qurmaq planını həyata keçirərkən yalnız “o”nun yardım və məsləhətlərinə arxalanır, “o”nun tövsiyələrini kompartiyada topladığı təcrübədən və heyvani instinktlərindən üstün tuturdu. Əlbəttə, söhbət pul və iqtidar hərisliyində sərhəd tanımayan sadiq köməkçisi, həyat yoldaşı Qənirədən gedir. İslam, bütün uğurlarını borclu olduğu Qənirə Dostəliyeva ilə 1980-ci ildə evlənmiş, bu izdivacdan oğlu Elnur və Azərbaycan xalqı üzərində onilliklərlə davam edəcək olan hakimiyyəti doğulmuşdu. Həqiqətən də, məqsədyönlü Qənirə olmasaydı, bəlkə də İslam hakimiyyət zirvələrini belə asanlıqla fəth edə bilməz, ierarxiya pillələrinin birində ayağı büdrəyər, əzmi tükənərdi. Qənirə olmasaydı, İslam bəlkə də qeyrətə gəlib, inadkarlıqla Moskvaya yaltaqlanmaqdan bezə bilərdi. Qənirə olmasaydı, bəlkə də vicdanının səsini dinləyib, özünə opponent bildiyi xalqına divan tutmaqdan vaz keçə bilərdi. “Coco Chanel” ləqəbli ədabaz Qənirə olmasaydı, İslam Milli Avropalıları öz proqressivliyinə, müasirliyinə və islahatlara açıq olmağına inandıra bilməzdi. Avropa modasının ən son təmayüllərinə, öz xalqının güzəranından daha yaxından bələd olan Qənirənin, Qərbliləri belə heyran qoyan geyimi-keçimi olmasaydı, İslam Milli Avropa siyasi çevrələrini hansı anturajla hipnozlayacaqdı? Ola bilsin bunlar sadəlövh ehtimallardır, istisna etmək olmaz. Lakin həqiqət həqiqətliyində qalır - doğrudan da qadın böyük qüvvədir. Qənirə 1955-ci ildə Qubada, kasıb kəndli ailəsində dünyaya göz açıb. Məktəbi həvəssiz oxuyan Qənirə yalnız əmək, nəğmə və bədən tərbiyəsi dərslərindən yaxşı qiymətlər alırdı. On dörd yaşına çatanda o, Bakıya, dayısının evinə köçür. Burada orta təhsilini güc-bəla ilə başa vuraraq, özünə bir məşğuliyyət axtarır. Heç vaxt savad sarıdan kasad olduğuna görə kompleks keçirməyən Qənirə, intellektinin aşağı olması ucbatından girdiyi bütün işlərdən (aptek satıcısı, atelyedə dərzi köməkçisi, hətta mənzil-istismar sahəsində katibə) qısa müddət sonra çıxarılırdı. Amma məyus olmurdu, “əzmi” və “iradəsi” qırılmırdı. 19 yaşı tamam olanda Qənirə Kommunist Partiyasına üzv olmağa qərar verdi və qəribə də olsa, buna nail oldu. SSRİ kimi nəhəng imperiyanın partiya sıralarına hansı ağlının, savadının, istedad və bacarığının sayəsində daxil olduğunu özündən başqa bilən yoxdur. Gənc və perspektivli kommunist İslam Qulamovu da elə partiya təşkilatının iclaslarından birində görüb, bir könüldən min könülə vurulmuşdu. İlk baxışdan sonra ilk öpüş və öpüşün ardından Azərbaycan xalqının taleyinə yazılmış faciələr silsiləsinin təməl daşının qoyulması. 1980-ci ildə Qənirənin hələ “Azərbaycan xalqının anası”, “Azərbaycanın parlaq məşəli”, “Qəhrəman qadın”, “Elm və mədəniyyət işığı”, “Ziyalılığın meyarı”, “İsmət və namus abidəsi” kimi titulları yox idi. İki eşşəyin arpasını bölməkdə aciz, ortastatistik kəndli qızı Qənirə, 1980-ci ildə həyatını İslamla birləşdirəndə, çox yox, beşcə il sonra hakimi-mütləqə çevriləcəyini heç xəyal da etmirdi. Bəlkə də edirdi. 1985-ci ildə birinci katib seçiləndən dərhal sonra, İslam Qulamovun arvadına təqdim etdiyi birinci hədiyyəsi – kimyaçı diplomu oldu. Nə üçün məhz kimyaçı? Bu da, indiyə qədər cavabı tapılmayan suallardan biridir. Lakin, məsələ bununla da bitmədi. Müstəqillikdən sonra, alimlik ambisiyaları iltihablanan Qənirə, kimya elmləri doktoru olmaq eşqinə düşdü. Adını yazmaqda çətinlik çəkən savadsız bir qadının kimya elmləri doktoru olması, qarışıqlıq və xaosun hökm sürdüyü o illərdə çox diqqət cəlb etmədiyindən, fürsət bu fürsət deyən birinci ledi, Milli Elmlər Akademiyasının “akademiki” ünvanını da əldə etdi. Dostəliyeva soyadından imtina edərək Milli soyadını alan Qənirə, bütün xarici səfərlərdə ərini müşayiət edir, “İslam və Qənirə Millilər Pakistana rəsmi səfər etmişlər” kimi xəbərlərdən məst olur, on il cavanlaşırdı. 93-cü ildə, Milli cütlük Londona səfərə hazırlaşanda, Qənirə prezident sarayına çağırdığı Xarici İşlər nazirinə: “Səfəri elə qurun ki, yolüstü Parisə, ordan da Romaya dəyək. Təzə paltarlara baxmaq istəyirəm” deyə, tapşırıq vermişdi. Heyrətdən dili tutulan xarici işlər naziri, əvvəl bilməmişdi nə desin. Qənirənin boş və qəddar gözləri, nazirdən “baş üstə” cavabını gözləyərək nifrətlə baxırdı. Handan-hana özünə gələn nazir, bu işin o qədər də asan olmadığını, müvafiq proseduralara ehtiyac duyulduğunu deyəndə, Qənirə: “Bura bax qodux! Sən anadan nazir doğulmusan? Nədi!? Biz səni qanadımızın altına alana qədər iylənmiş qoyunlarını otarmağın yadından çıxıb? Sən bilirsən mən kiməm? Bilirsəən!?” deyərək bağırmağa və masanı yumruqlamağa başlamışdı. Azərbaycan respublikasının sahibəsi, ərinin boyhaboy portretlərini və yaltaq şairlərin ona yazdıqları misraları ölkənin dörd bir yanına asdırmışdı. Mədhiyyələr Qənirə üçün də yazılırdı. Məsələn məşhur bir mədhiyyədə deyilirdi: “Dahi rəhbərin yolunu işıqlandıran, Azərbaycanı qələbəyə aparan parlaq ulduz - Qənirə Milli!”. Telekanallar Qənirənin prezident aparatındakı kabinetini tez-tez göstərirdilər. Muzeyi xatırladan kabinetin divarları başdan-başa müxtəlif diplomlar, sertifikatlar, “elmi və pedoqoji fəaliyyətindəki uğurlarına” görə aldığı təşəkkürnamələr ilə dolu idi. Qənirənin bütün bu kolleksiyanı, xüsusilə də xarici ölkələrdə ona verilən diplomları necə əldə etməsi, illər boyu hər kəsi maraqlandıran sual olmuşdur. Çox az adam bilir ki, Avropa və Amerikada, üçüncü dünya ölkələrinin liderləri və oliqarxları üçün diplomlar, titullar, fəxri adlar hazırlayan institut və təşkilatlar var. Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyində (DTN) isə, dünyanın dörd bir yanında Qənirə Milli üçün diplom və fəxri ad axtaran xüsusi bir şöbə fəaliyyət göstərir. Məhz bu gizli şöbə, Milli cütlüyün bütün xarici səfərlərində, Qənirənin növbəti dəfə fəxri elmi ad və ya hansısa universitetin fəxri müəllimi titulunu almasını təmin etməklə məşğul olurdu. Hərdən Qənirə elmi konfranslarda da çıxış etməli olurdu. Fors-major xarakterli belə zərurətlər yarananda, Qənirə öz nitqini istisnasız olaraq siyasi-ictimai məsələlər üstündə qurur, bilmədiyi mövzuda danışıb biabır olmaqdan yamanca qorxurdu. 8 downloaded from KitabYurdu.org Qənirənin “dünya şöhrətli alim və xanım” olmaq ambisiyası əlbəttə ki, bircə diplomla, ya da titulla təmin oluna bilməzdi. Qənirə həm də əşya xəstəsi idi. Xarici ölkələrin rəsmiləri, yaxud da tanınmışları ona mütləq hədiyyə təqdim etməliydilər. Belə hədiyyələr verilməyəndə, Qənirə DTN nazirinə zəng vuraraq təhqir edir, bəzən də onu Prezident sarayına çağıraraq, hamının gözü qabağında alçaldırdı. Buna görə də, DTN-nin xüsusi gizli şöbəsi, hədiyyələrlə də məşğul olurdu və hər xarici səfərdə, o ölkənin siyasiləri və tanınmışları Qənirəyə “gözlənilmədən” bahalı hədiyyələr – brilyantlar, qədim çini qablar, xalçalar, zinət əşyaları və s. – təqdim edirdilər. Əlbəttə, TV-lər də bu kadrları gündə on beş dəfə göstərir, xalqın şüuruna “Qənirə Milliyə dünyada böyük hörmət var” təsəvvürü yeridirdilər. Milli cütlük Fars Körfəzində olanda, İordaniya kralı Hüseyn azərbaycanlı dostlarını dəniz gəzintisinə dəvət eləmişdi. Heyət gəminin göyərtəsinə qalxan kimi Qənirə, İslam Millinin qolundan dartıb demişdi: “Mən də belə bir gəmi istəyirəm! Dərhal!”. İslamla göz-gözə gələn Hüseyn, Azərbaycanlı qonağın üzündəki ifadədən hər şeyi başa düşmüş və səhəri gün öz nümayəndəsini İslam Millinin yanına göndərmişdi. “Təəssüf ki, kral bu gəmini sizə hədiyyə edə bilməyəcək. Allah özü bu gəmiyə xeyir-dua verib. Amma Nyu-Yorkda bu gəminin eynisini düzəltdirib sizə göndərəcək. Buna söz verir”. Bir il sonra prezident Hüseyndən xəbər gəldi ki, gəmi artıq hazırdır. Gəmini vaxt itirmədən Qara Dəniz üzərindən Azov dənizinə, oradan da Xəzərə üzdürdülər. Bakıda, gizli bir limanda lövbərini saldılar və Qənirə, bircə dəfə olsun, nəinki bu gəmiyə minmədi, heç ona gəlib baxmadı da. İslam Millinin 2000-ci ilin avqust ayında qəfildən və şübhəli şəkildə ürəyinin dayanmasından sonra, onun qurduğu klan rejiminin qondarma parlamentinin sədri Zahid Əsədov prezident səlahiyyətlərini icra etməyə başladı və 2000-ci ilin oktyabr ayında keçirilən prezident seçkilərində müxalifətin vahid lideri Niyazi Salayev qalib gəldiyi halda, Qənirə Milli xalqı qırğına verərək, prezident kreslosuna əyləşdi. 9 downloaded from KitabYurdu.org
Description: